Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - YENİLƏNİB

Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - YENİLƏNİB

İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.

Bildirilib ki, görüşdə Livanda atəşkəs və İran aktivlərinin blokdan çıxarılması müzakirə olunur.

Məlumata görə, danışıqlarda İran nümayəndə heyəti memorandumun beş bəndinin həyata keçirilməsinə nail olmağa çalışır.

***

Qətər Xarici İşlər Nazirliyi danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.

Nazirliyin bəyanatında deyilir:

“Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin - Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir”.

Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib. Diplomatın sözlərinə görə, bu, bütün tərəflərin danışıqlar prosesinin xoşməramlı şəkildə irəliləməsinə sadiqliyini əks etdirir.

Əl-Ənsari həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həllərə sadiqliyini və Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

***

İsveçrənin ev sahibliyi etdiyi İran-ABŞ diplomatik təmaslarında tərəflər daxili müzakirələr aparmaq üçün dialoqa müvəqqəti ara vermək qərarına gəliblər.

Bu barədə məlumatı İranın “Fars” agentliyi yayımlayıb.

Pakistan və Qətərin vasitəçilik missiyasını yerinə yetirdiyi görüşlərdə diplomatların fasilə zamanı öz hökumətləri ilə əlaqə quracağı və son vəziyyəti dəyərləndirəcəyi bildirilir.

İran XİN-in sözçüsü İsmayıl Bəqai qeyd edib ki, tərəflər daxili məsləhətləşmələri yekunlaşdırdıqdan dərhal sonra yenidən masa arxasına əyləşəcəklər. Onun sözlərinə görə, diplomatik marafonun bugünkü raundunun saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) yekunlaşması planlaşdırılır.

***

İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın hədələrindən sonra İsveçrədə keçirilən danışıqlar meydanını tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Agentliyin mənbəsi bildirib ki, İslam Respublikası bu addımı amerikalı liderin bəyanatlarına etiraz olaraq atıb. “Al Hadath” telekanalının məlumatına görə, Tehran Vaşinqtondan tərəflərin bir-birini hədələməsini qadağan edən qarşılıqlı anlaşma memorandumunun birinci bəndinə əməl olunmasını tələb edir.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp İslam Respublikasını Livandakı “nəzarətində olan yüksək ödənişli qüvvələrini” dərhal problem yaratmağı dayandırmağa məcbur etməyə çağırmışdı. Əks halda, ABŞ siyasətçisi İrana “çox ağır zərbə vuracağı” ilə hədələmişdi.

Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit edən və yeni danışıqlar mərhələsinə start verən müvəqqəti memorandum imzalamışdılar. Ölkə nümayəndə heyətlərinin İsveçrədəki rəsmi görüşü növbəti günə planlaşdırılsa da, İsrailin Livandakı “Hizbullah” hərəkatının obyektlərinə endirdiyi yeni zərbələr səbəbindən iki gün təxirə salınmışdı.

"Cebheinfo.az"