Bakı və Aşqabad Xəzərdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər

Bakı və Aşqabad Xəzərdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər

Azərbaycan və Türkmənistan enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.

"Report"un Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzinə (IIC) istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər naziri Rəşid Meredov Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn ikitərəfli əlaqələrin əsas mövzusu Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinə hazırlıq olacaq.

Qeyd olunub ki, səfər iki ölkə arasında ənənəvi mehriban qonşuluq münasibətlərini prinsipial olaraq yeni səviyyəyə qaldırmaq məqsədi daşıyır.

"Qarşıdan gələn yüksək səviyyəli danışıqlar zamanı enerji, nəqliyyat, logistika sahələrində, eləcə də Xəzər dənizində üçtərəfli əməkdaşlıq formatları çərçivəsində tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək", - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, bu günə qədər ikitərəfli əməkdaşlığın hüquqi bazası 120-dən çox sənəddən ibarətdir və qarşılıqlı ticarət sabit müsbət dinamika nümayiş etdirir.

"Cebheinfo.az"