Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və hazırda yeri müəyyən edilən daha bir şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib  ki, 2024-2025-ci illər ərzində bir sıra şəxslərlə cinayət əlaqəsinə girib ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birlikdə iştirak etməkdə, terror aktları törətmək üçün hazırlıq işləri görməkdə, həmçinin müxtəlif yollarla əldə edilmiş pul vəsaitlərinin ölkəmizin hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmiş şəxslərin, o cümlədən İŞİD terror təşkilatının hesbalarına göndərilməsində iştirak etməklə terrorçuluğun maliyyələşdirilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.6, 214-1, 28,277 və 218.2-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Elşən İlham oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən olunub və o, həbs edilib.

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən, səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb.

Nəticədə, həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Əsgərov Elşən İlham oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

"Cebheinfo.az"