Zelenski ilə Polşa prezidenti arasında GƏRGİNLİK
Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Karol Navrotski ilə bağlı sərt açıqlamalar verib.
Zelenski Navrotskinin Ukraynaya qarşı mövqeyini tənqid edərək bildirib ki, bu cür siyasi ritorika ciddi nəticələrə səbəb ola bilər.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Zelenski Polşanın ən yüksək dövlət mükafatı sayılan “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarını da şərh edib. Onun sözlərinə görə, bu addım Polşada ukraynalılara qarşı mənfi münasibəti gücləndirən siyasi mübarizənin bir hissəsidir.
“Bu, pis bir hekayədir. İnanıram ki, pis sonluqla bitə bilər”, – deyə Zelenski bildirib. O əlavə edib ki, belə yanaşma iki ölkə arasında münasibətlərdə gərginliyi artıra və eskalasiyaya səbəb ola bilər.
Zelenski, həmçinin qeyd edib ki, Navrotski ilə ilk görüşlərindən birində Polşa tarixində mübahisəli mövzulardan biri olan Volın hadisələri ilə bağlı kitab hədiyyə alıb.
Ukrayna lideri Polşa Prezidentinin addımlarını yanlış hesab etdiyini bildirib və onun adının “Karol” olmasına diqqət çəkərək, “Bu, monarxiya deyil, demokratiyadır” ifadəsini işlədib.
Gərginliyin səbəblərindən biri isə Zelenskinin Ukrayna ordusunun bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsi ilə bağlı qərarı olub. Navrotski bu addıma görə Zelenskini “Ağ Qartal” ordenindən məhrum etdiyini açıqlayıb.
Qeyd edək ki, məsələ Polşa və Ukrayna arasında tarixi mübahisələri yenidən gündəmə gətirib. Volın hadisələri ilə bağlı fərqli mövqelər iki ölkə arasında zaman-zaman siyasi gərginliyə səbəb olur.
Aişə Abdulova
“Cebheinfo.az”

