"Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində təlimlər uğurla davam edir

"Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində təlimlər uğurla davam edir

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində nəzərdə tutulan maarifləndirmə təlimlərini uğurla davam etdirir.

Layihə çərçivəsində İmişli rayonunun Mürsəlli, Murğuzallı və Cavadxanlı kəndlərində, eləcə də Saatlı rayonunun Nərimankənd və Dəllər kəndlərində fermerlər və kənd sakinləri üçün silsilə maarifləndirmə təlimləri təşkil olunur. Təlimlər təsdiq edilmiş qrafikə uyğun şəkildə həyata keçirilir və bu günədək nəzərdə tutulan bütün tədbirlər vaxtında baş tutur.

Maarifləndirmə tədbirləri iki əsas mövzu üzrə keçirilir:
• “Quraqlığa davamlı əkinçilik və suya qənaətli suvarma üsulları”;
• “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi”.

Təlimlər zamanı iştirakçılara iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, quraqlıq şəraitində məhsuldarlığın qorunması yolları, su ehtiyatlarından səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq münbitliyinin qorunması, iqlim risklərinin azaldılması və dayanıqlı kənd təsərrüfatı təcrübələri barədə ətraflı məlumat verilir.

Təlimlər kənd təsərrüfatı sahəsində 40 ilə yaxın peşəkar, 20 ildən artıq isə beynəlxalq təcrübəyə malik aqrar ekspert Ağaməhəmməd Alosmanov tərəfindən keçirilir. Təlimçi müxtəlif beynəlxalq təşkilatlar və donor qurumları ilə əməkdaşlıq çərçivəsində əldə etdiyi zəngin təcrübəni iştirakçılarla bölüşür, fermerlərə yerli şəraitə uyğun praktik tövsiyələr verir və onları maraqlandıran sualları cavablandırır. İndiyədək keçirilmiş təlimlərdə iştirakçılar mövzulara böyük maraq göstərmiş, təqdim olunan məlumatlar ətrafında fəal müzakirələr aparmış və əldə etdikləri biliklərin öz təsərrüfatlarında tətbiqi imkanları barədə fikir mübadiləsi ediblər.

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi hesab edir ki, bu layihə kənd icmalarının iqlim dəyişikliklərinə uyğunlaşma imkanlarının gücləndirilməsinə, su resurslarından səmərəli istifadənin təşviqinə və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

"Cebheinfo.az"