Qadağa artdıqca, qiymət bahalaşır: Azərbaycanda maşın bazarı “ölüb”

Qadağa artdıqca, qiymət bahalaşır: Azərbaycanda maşın bazarı “ölüb”

Bu ilin ilk beş ayında Gürcüstandan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 926 ədəd minik avtomobili ixrac edilib. 

Bu barədə məlumat Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olub. İllik müqayisədə Azərbaycanın qonşu ölkədən avtomobil idxalında dəyər baxımından 38,3%, miqdar baxımından isə 2 dəfəyə yaxın azalma qeydə alınıb. 

Yanvar-mayda Gürcüstandan ümumilikdə 734,6 milyon ABŞ dolları dəyərində 29 297 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 6,57%-i Azərbaycana istiqamətlənib.

Gürcüstandan Azərbaycana avtomobil idxalının həm say, həm də dəyər baxımından kəskin azalmasının əsas səbəbləri nələrdir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Gürcüstandan Azərbaycana avtomobil idxalında son dövrlərdə müşahidə edilən azalma bir neçə əsas amillə izah olunur: 

“Birincisi, artıq Trans-Xəzər nəqliyyat marşrutunun aktiv şəkildə işləməsi və Çin istiqamətindən avtomobillərin birbaşa quru yollarla Azərbaycana gətirilməsi Gürcüstan üzərindən tranzit asılılığını azaldıb. 

Bu isə həmin istiqamətdən idxal həcminin aşağı düşməsinə təsir göstərir. İkincisi, ölkədə hibrid və elektromobillərə tətbiq edilən vergi güzəştlərinin müddətinin başa çatması da bazara təsir edən əsas faktorlardandır. 

Güzəştlər ləğv olunduqdan sonra bu tip avtomobillər satış zamanı 18% əlavə dəyər vergisinə cəlb olunur ki, bu da onların ümumi qiymətini artırır. Nəticədə idxal marağını azaldır”. 

O qeyd edib ki, idxal azalırsa, deməli, tələb azalır: 

“Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillərin idxalına qoyulan məhdudiyyətlər və 7 ildən yuxarı benzin, dizel mühərrikli avtomobillər üçün mühərrik həcminə görə aksiz vergilərinin artırılması da idxal həcminə birbaşa təsir edən digər mühüm amillərdir. 

Avtomobil idxalında müşahidə edilən azalma həm logistik marşrutların dəyişməsi, həm vergi və gömrük siyasətindəki yeniliklər, həm də yaş və mühərrik həcminə dair tətbiq edilən məhdudiyyətlərlə bağlıdır. Bu tendensiya bazarda qiymətlərin dinamikasına birbaşa təsir göstərir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”