Hamı harasa tələsir: NİYƏ?

Hamı harasa tələsir: NİYƏ?

Müasir dövrdə insanların həyat tempi əvvəlki dövrlərlə müqayisədə xeyli sürətlənib. 

Gün ərzində çoxsaylı işlər, daim yenilənən məlumatlar, sosial media və “hər şeyə çatmaq” istəyi insanlarda davamlı tələskənlik hissi yaradır. Bir çox insan vaxtın kifayət etmədiyini düşünərək daim daha sürətli hərəkət etməyə çalışır. 

Lakin bu vəziyyət təkcə gündəlik məşğuliyyətlərlə deyil, həm də psixoloji amillərlə bağlıdır. Davamlı tələskənlik stress, narahatlıq və həyat balansının pozulmasına səbəb ola bilər.

Bəs insanlar niyə daim tələsir və bu sürətli həyat tərzi onların psixologiyasına necə təsir edir? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanların çoxu əslində vaxta qarşı yox, öz daxili narahatlıqlarına qarşı qaçır: 

“Daim tələsməyin arxasında çox vaxt məhsuldarlıq deyil, psixoloji gərginlik dayanır. İnsanlarda belə bir inanc formalaşıb, dayansam, geridə qalacağam. 

Bu qorxu insanı fasiləsiz hərəkətə məcbur edir. İnsan işləyir, oxuyur, plan qurur, yeni hədəflər qoyur, amma çox vaxt bunun səbəbi inkişaf deyil, dəyərsiz görünmək qorxusudur. Həyat qeyri-müəyyən olduqca, insanlar sürəti nəzarət hissi ilə səhv salırlar. 

Onlar düşünürlər ki, nə qədər çox iş görsələr, həyatları bir o qədər idarəolunan olacaq. Keçmişdə insan gün ərzində məhdud sayda hadisə, xəbər və insanla qarşılaşırdı. Bu gün isə bir neçə dəqiqə ərzində müharibə xəbəri, milyonçunun uğur hekayəsi, kiminləsə müqayisə yaradacaq paylaşım və yeni bir problem haqqında məlumat alır. Beyin bütün bunları emal etməyə çalışarkən yorulur”. 

Onun sözlərinə görə, sosial media isə bu yükü daha da ağırlaşdırır: 

“İnsan artıq öz həyatını yaşamır, yüzlərlə başqa insanın həyatını da izləyir. Nəticədə müqayisə mexanizmi fasiləsiz işləyir. Başqalarının ən yaxşı anlarını öz gündəlik reallığı ilə müqayisə edən insan özünü natamam hiss etməyə başlayır. Davamlı bildirişlər və informasiya axını beynin diqqət sistemini parçalayır. İnsan bir işə tam fokuslana bilmir. 

Dərin düşünmək, sakitləşmək və emosiyaları emal etmək üçün lazım olan psixoloji boşluq yox olur. İnsan öz dəyərini məhsuldarlığı ilə ölçməyi dayandırmalıdır. Bəzən insanı yoran gördüyü işlər deyil, özünə verdiyi fasiləsiz çatmalısan əmridir”. 

Psixoloq qeyd edib ki, həyatın ritmini itirən insanın problemi vaxt azlığı yox, daxili sakitliyin çatışmazlığıdır. Sürət çox vaxt gücün yox, narahatlığın maskası olur. 

Aişə Abdulova 
“Cebheinfo.az”