Birinci Türkoloji Qurultayı ilk araşdıran alim: “Bütün varımı buna sərf etmişəm”

Birinci Türkoloji Qurultayı ilk araşdıran alim: “Bütün varımı buna sərf etmişəm”

Bu gün, iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi keçirilib. 

Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq baş tutur.

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. 

Filologiya elmləri doktoru, professor Adil Babayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Birinci Türkoloji Qurultay türk birliyi ideyasının formalaşması və inkişafı baxımından mühüm tarixi əhəmiyyətə malik olub. 

O qeyd edib ki, Türk xalqlarının birliyi məsələsi ilk dəfə geniş şəkildə bu qurultayda müzakirə olunub:

“Qurultay bundan 100 il əvvəl keçirilib. Mən 1964-cü ildə bu mövzunu araşdırmaq, təhlil etmək istəyəndə, mənə imkan vermədilər. Sonradan qurultay iştirakçılarından biri olan Qəhrəman Qaraqaşlını tapdım. O, qurultayın necə keçirildiyi, hansı şəraitdə baş tutduğu barədə mənə ətraflı məlumat verdi. 

Sonra vəziyyət bir qədər yumşaldı. Mənə icazə verdilər və “KQB”-nin zirzəmisində qurultaya aid sənəd və materialları tapdım. Həmin sənədləri toplayaraq kitab halına saldım və Respublika Dövlət Kitabxanasının Arxiv Fonduna təqdim etdim. Hazırda həmin materiallar Arxiv Fonduna mənim tərəfimdən daxil edilmiş sənədlər kimi saxlanılır”. 

Türk xalqları tarixində bu qurultay ilk dəfə belə böyük bir hadisə tədbir olub. Qurultayda ümumilikdə 131 nümayəndə iştirak edib ki, onlardan 26-sı Azərbaycandan idi:

“Türkiyədən, Yakutiyadan və digər türk xalqlarının yaşadığı bölgələrdən nümayəndələr iştirak edirdilər. İlk dəfə olaraq türk birliyi məsələsi bu qədər geniş şəkildə müzakirəyə çıxarıldı. Ruslar belə bir fikir irəli sürürdülər ki, əvvəlcə türk xalqlarının bir-biri ilə qohum olduqları sübut edilməli, yalnız bundan sonra belə bir qurultay çağırılmalı idi”. 

Professor vurğulayıb ki, Türkoloji Qurultaya dair ilk monoqrafiyanın müəllifidir:

“Bu mövzuda ilk monoqrafiyanı mən yazmışam. Qurultaya aid bütün sənədləri də mən tapmışam. Türkoloji Qurultay türk xalqlarını bir-birinə dost və qardaş kimi daha da yaxınlaşdırdı. Qurultayın son günü məşhur alim Katanov iclasa gəlib çatdı və iştirakçılar onu alqışlarla qarşıladılar. 

Hələ əvvəlcədən yazırdılar ki, türk xalqları bir yerə toplaşarsa, bu, pantürkizmə gətirib çıxaracaq. Məhz buna görə də Stalinin göstərişi ilə 53 nəfərdən ibarət fraksiya komissiyası yaradılmışdı ki, qurultayın fəaliyyətinə nəzarət etsin. Qurultay iştirakçılarının əksəriyyəti sonradan repressiyalara məruz qaldı və güllələndi”. 

Adil Babayev əlavə edib ki, Türkoloji Qurultayın araşdırılmasına böyük vəsait və zaman sərf edib: 

“Mən Azərbaycandan olan nümayəndələrin hamısını araşdıraraq müəyyənləşdirmişəm. Bu barədə monoqrafiya və kitablar yazmışam. Bütün varımı, pulumu, maaşımı bu işlərə sərf etmişəm. İndi şükürlər olsun ki, həmin materiallar arxivlərdə var və istənilən şəxs onları araşdırıb tapa bilər. 

Mən, həmçinin “Türk soyunun birlik səsi” adlı əsər yazmışam və kitabın sonunda türk soyunun himnini də vermişəm. Bu gün isə qurultayın 100 illiyi qeyd olunur. Əsas tədbirlər oktyabr ayında keçiriləcək. 

Türk dövlətlərinin yaxınlaşması baxımından bu hadisə mühümdür. İnanıram ki, türk xalqları zaman keçdikcə, daha da yaxınlaşacaq, bir gün Turanı yaradacaqlar”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”