Bu ölkədə qızılca tüğyan edir

Bu ölkədə qızılca tüğyan edir

Banqladeşdə davam edən epidemiya zamanı son 24 saat ərzində daha 4 uşağın qızılca şübhəsi ilə həyatını itirməsi nəticəsində ölənlərin sayı 712-yə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, “Dhaka Tribune” qəzetinin yaydığı məlumata görə, Banqladeş Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Xidmətləri Baş İdarəsi (DGHS) ölkə üzrə son sutkada daha 4 uşağın qızılca şübhəsi ilə öldüyünü açıqlayıb.

Bununla da ölkədə davam edən qızılca epidemiyası nəticəsində həyatını itirən uşaqların ümumi sayı 712-yə çatıb.

Eyni zamanda son 24 saat ərzində daha 941 yeni şübhəli qızılca hadisəsi aşkarlanıb. Beləliklə, ölkə üzrə ümumi şübhəli yoluxma sayı 99 min 207-yə yüksəlib.

Aprelin 10-dan bu yana qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82 min 844-ə çatıb. Onlardan 79 min 152 nəfər müalicədən sonra evə buraxılıb.

Banqladeş hökuməti aprelin 7-də çoxsaylı uşağın qızılca şübhəsi ilə həyatını itirməsindən sonra təcili peyvənd kampaniyasına başlanmasına qərar vermişdi.

Sətəlcəm və ensefalopatiyaya səbəb ola bilən qızılca dünyada peyvəndlə qarşısı alına bilən ölüm hallarının əsas səbəblərindən biri hesab olunur.

Nigar Hacılı 
"Cebheinfo.az"