Cinayət məsuliyyəti 12 yaşa endirilsin – TƏKLİF

Cinayət məsuliyyəti 12 yaşa endirilsin – TƏKLİF

Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin ağır və xüsusilə ağır cinayətlər üzrə cinayət məsuliyyəti yaşının 14-dən 12-yə endirilməsi məsələsini yenidən gündəmə gətirib.

"Cebheinfo.az" xəbər verir ki, Bastrikin bildirib ki, bəzi yeniyetmələr 12-13 yaşlarında ağır cinayətlər törədir, lakin mövcud qanunvericiliyə görə cəzadan yayınırlar. İstintaq Komitəsinin sədri statistik göstəricilərə də diqqət çəkib.

Onun sözlərinə görə, 2025-ci ildə yetkinlik yaşına çatmayanların törətdiyi ağır və xüsusilə ağır cinayətlərin sayı əvvəlki illə müqayisədə 21 faiz artaraq 12 min 687-yə çatıb.

Məhkəməyə göndərilən 10 min 460 yeniyetmə arasında hər dörd nəfərdən biri 14-15 yaş aralığında olub.Bastrikin əlavə edib ki, gənclərin Rusiyada terror təşkilatı kimi tanınan “Columbine” hərəkatına qoşulması ciddi narahatlıq doğurur. O, təkcə 2025-ci ildə Rusiyada altı məktəb hücumunun baş verdiyini xatırladıb.

Bastrikin təklifini əsaslandırmaq üçün İngiltərədə cinayət məsuliyyətinin 10 yaşdan başladığını nümunə göstərib. Lakin vəkil Aleksandr Zabeyda bu arqumenti tənqid edib. Zabeydanın sözlərinə görə, İngiltərə Avropada bu qədər aşağı yaş həddi tətbiq edən yeganə ölkədir və bu siyasət davamlı tənqid olunur.

O bildirib ki, digər Avropa ölkələrində yaş həddi daha yüksəkdir: Almaniyada 14, İsveçdə 15, Portuqaliyada isə 16 yaş.Vəkil xatırladıb ki, Danimarka 2010-cu ildə məsuliyyət yaşını 15-dən 14-ə endirməyə cəhd göstərsə də, cinayətlərin təkrarlanması 10 faiz artdığı üçün iki ildən sonra bu qərardan imtina edib.

Zabeyda qeyd edib ki, insan beyninin ön payı 28-32 yaşa qədər inkişafını tamamlamır.Buna görə də yeniyetmələrin daha tez böyüdüyü ilə bağlı arqumentlərin elmi əsası olmadığını bildirib.

Onun fikrincə, profilaktik tədbirlər daha səmərəli ola bilər. Belə ki, prokurorların məktəblərdə yeniyetmələrə cinayət məsuliyyəti barədə məlumat verməsi və valideynlərlə maarifləndirici işlərin aparılması cəza yaşının azaldılmasından daha faydalı nəticə verə bilər. Bastrikin forumdakı çıxışı zamanı yalnız cinayət məsuliyyəti yaşından danışmayıb.

O, “Və Lenin də gənc idi...” mahnısını ifa edib, özünü klonlamaq ideyasını səsləndirib, oktyabrçı, pioner və komsomol təşkilatlarının bərpasını təklif edib.
Bundan əlavə, o, uşaqlarını düzgün tərbiyə etməyən valideynlərin də cinayət məsuliyyəti daşımalı olduğunu bildirib. 

Bastrikin “Hər şey ailədən başlayır” deyərək ailələrin məsuliyyətinin vacibliyini vurğulayıb. İstintaq Komitəsi sədrinin bu təklifi həm ictimaiyyətdə, həm də hüquq çevrələrində geniş müzakirələrə səbəb olub.

Yeniyetmə cinayətlərinin artması fonunda görüləcək tədbirlər və cəza yaşının aşağı salınması ehtimalı yaxın günlərdə əsas müzakirə mövzularından biri olacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"