Ramil Mahmudov: "Açıq bankçılıq layihəsi açıq maliyyə modelinə genişləndiriləcək"
Mərkəzi Bank tərəfindən maliyyə inklüzivliyinin artırılması və maliyyə texnologiyalarının inkişafı istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu sahədə fintech ekosistemi üçün ən mühüm layihələrdən biri açıq bankçılıq (Open Banking) təşəbbüsüdür.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin direktor müavini Ramil Mahmudov "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda mövcud strateji dövr başa çatmaq üzrədir və yeni strategiya üzərində işlər davam edir:
"Növbəti mərhələdə açıq bankçılıq layihəsinin açıq maliyyə (Open Finance) modelinə genişləndirilməsi nəzərdə tutulur.
Ani ödənişlər sistemi ilə bağlı ötən dövr ərzində texniki proqram təminatının təkmilləşdirilməsi, infrastrukturun gücləndirilməsi, sistemin dayanıqlığının və əməliyyat dövriyyəsinin artırılması istiqamətində mühüm işlər görülüb. Ani ödənişlər sisteminin dövriyyəsinin dəfələrlə artması sevindirici haldır. Bununla yanaşı, bu artım Mərkəzi Bank qarşısında sistemin fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək kimi mühüm vəzifə qoyur. Əsas məqsəd istifadəçilərin sistemə olan etimadını qorumaqdır".
"Cebheinfo.az"


