“Qadınların özünüməşğulluq imkanlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi “Qadınların özünüməşğulluq imkanlarının artırılması” layihəsi çərçivəsində 23-24 iyun 2026-cı il tarixlərində Siyəzən rayonunda 15 nəfər qadının iştirakı ilə 2-günlük təlim keçirilib.
Təlimin məqsədi Siyəzən rayonunda yaşayan qadınların özünüməşğulluq imkanlarını genişləndirmək üçün onların sahibkarlıq və sosial bacarıqlarının artırılması idi.
Təlim Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin sədri və layihənin rəhbəri Fərrux Əsgərovun giriş sözü ilə başlayıb, O, iştirakçıları salamlayaraq layihənin məqsədi və vəzifələri haqqında qısa məlumat verib. Layihənin təlimçisi Sədaqət Qəmbərova təlimin məqsədini və proqramını iştirakçıların diqqətinə çatdırıb.
Təlimin ilk günü sahibkarlıq mövzusuna həsr olunub. Rəsmi hissədən sonra təlimçi proqrama uyğun olaraq uğura aparan yol və sahibkarın fərdi keyfiyyətləri, biznes və biznes ideyanın mahiyyəti, marketinq strategiyası, işçi heyətinin idarə olunması, biznesdə risklərin qiymətləndirilməsi və hüquqi məsələlərə dair təqdimatlar edib və biznes plan haqqında ümumi məlumat verib. Hər mövzudan sonra müzakirələr aparıldı, iştirakçılar öz fikirlərini paylaşıblar.
Müzakirələrdən aydın olub ki, iştirakçılardan yalnız bir nəfər, Təranə Zalova, sahibkarlıq fəaliyyəti ilə tanışdır və onlayn ticarətlə məşğul olur. Dediyinə görə, Təranə xanımın ilk cəhdi uğursuz olub. Ətraflı bazar araşdırması aparmaması səbəbindən müştəri tapmaqda çətinlik çəkib və qoyduğu investisiyanı itirib. Amma hazırda biznesi inkişaf edir və müəyyən gəlir gətirir.
Müzakirələr göstərib ki, qadınların biznesə başlamaq üçün əsas çətinliyi risk edib pul itirmək qorxusu, özünəinamın və təcrübənin olmaması, vaxt çatışmazlığıdır. Iştirakçıları maraqlandıran əsas məsələ biznesə başlamaq üçün daha az ilkin kapital tələb edən ideya tapmaq və onlayn ticarətdir. Bunu nəzərə alaraq təlimçi onlara müəyyən ideyalar təqdim edib, internetdə araşdırma aparmaq və innovativ biznes ideyalar tapmaq yollarını izah edib. İştirakçılar belə təlimlərin davamlı olmasını məqsədəuyğun hesab edib.
İştirakçılar təlimdən yararlandıqlarını və yüksək qiymətləndirdiklərini bildiriblər.
"Cebheinfo.az"


