Politoloq: “İsrail Azərbaycanı da çətin vəziyyətə salıb”

Politoloq: “İsrail Azərbaycanı da çətin vəziyyətə salıb”

“İsrail hökumətinin “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə göndərməsinin Türkiyəyə zərəri olmayacaq.

Bir sıra dövlətin parlamenti oxşar qərarlar veriblər, bu nəyi dəyişib ki? İsrail hökuməti Türkiyə ilə münasibətlərin gərginliyi fonunda ədalətsiz qərar qəbul edib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, İsrail bu qərarıyla ilk növbədə dialoqu genişləndirdiyi Ermənistanın Baş naziri Nikol Paşinyana “ayı xidməti” göstərib: 

“Ermənistanın Baş naziri “erməni soyqırımı” mövzusunu erməni cəmiyyətinə unutdurmağa çalışarkən, İsrail Paşinyanı devirməyə çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin əlini gücləndirib. İsrail hökuməti bu qərarıyla tərəfdaş adlandırdığı Azərbaycanı da çətin vəziyyətə salıb.

Türkiyənin strateji müttəfiqi kimi Azərbaycan Təl-Əvivin “erməni soyqırımı” qərarını pisləmək məcburiyyətindədir. Əlbəttə, bu “tanınmanın” heç bir təsir gücü yoxdur və bir müddət sonra digərləri kimi unudulacaq, sadəcə indiki şəraitdə bu “qərar” bölgədə sülh və əməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq”.

Xatırladaq ki, hökumət İsrailin “erməni soyqırımı”nı rəsmi olaraq tanıması təklifini yekdilliklə təsdiqləyib.

Dərc olunmuş bəyanata görə, qərar artıq təsdiq üçün Knessetə təqdim ediləcək.
Hökumətin qərarını açıqlayan İsrail xarici işlər naziri Gideon Saar bildirib:

"Heç vaxt gec deyil."

İsrail Xarici İşlər Nazirliyinin hüquq müşaviri Tamar Kaplan-Turgeman kabinet üzvlərinə göndərdiyi hüquqi rəydə qeyd edib ki, qərar qəbul edildikdən sonra hökumət Knesseti rəsmi olaraq məlumatlandıracaq və məsələnin parlamentin plenar iclasında səsverməyə çıxarılmasına çalışacaq.

Xəzər
“Cebheinfo.az”