Ləmanın müalicəsi yarımçıq qala bilər: Vəsait çatışmır
21 noyabr 2026-cı il tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi zamanı anasını itirən Ləman hazırda ağır vəziyyətdədir.
O, həmin yanğında aldığı ağır xəsarətlərlə əlaqədar müalicəsini Türkiyədə davam etdirir və hazırda “Acıbadem” xəstəxanasında həkim nəzarəti altındadır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə vəkil Əli Qəmbərov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, müalicə prosesi uzun və çox böyük maliyyə vəsaiti tələb edir:
“Təəssüf ki, ailənin imkanları artıq bu xərcləri qarşılamağa kifayət etmir. ADA Universitetinin məzunu olan Ləmanın bu gün həyata, sağlamlığına və gələcəyinə yenidən qovuşması üçün hər birimizin dəstəyinə ehtiyacı var. Ona ediləcək hər bir yardım yalnız müalicəsinə deyil, həm də gənc, savadlı və gələcək vəd edən bir Azərbaycan gəncinin yenidən həyata bağlanmasına xidmət edəcək.
Həmin faciədə mən də çox ağır itki yaşamış bir insan kimi, Ləmanın taleyinə biganə qala bilmirəm.
Sizdən xahiş edirəm ki, imkanınız daxilində ona dəstək olasınız. Bunu mənim xahişim kimi qəbul edin. Edəcəyiniz hər bir yardım Ləmanın sağalması yolunda atılmış mühüm bir addım olacaq”.
Xəzər
“Cebheinfo.az”


