Kral saraydan gedir
Böyük Britaniya kralı III Çarlz Bukinqem sarayını daimi yaşayış yeri kimi istifadə etməyəcək.
Akşam.az xarici KİV-ə istinadən xəbər verir ki, kral sarayda aparılan genişmiqyaslı bərpa işləri başa çatdıqdan sonra da Londondakı Klarens Haus iqamətgahında yaşamağa davam edəcək.
Bununla da Bukinqem sarayının təxminən iki əsrdir Britaniya monarxlarının əsas yaşayış yeri olması ənənəsinə son qoyulacaq. Bununla belə, saray rəsmi qəbul və dövlət tədbirlərinin keçirildiyi əsas məkan statusunu qoruyacaq.
Kral sarayının xəzinədarı Ceyms Çalmers bildirib ki, Bukinqem sarayı monarxiyanın əsas qərargahı olaraq qalacaq. Xarici dövlət başçılarının qəbulu və digər rəsmi mərasimlər burada keçiriləcək. Zərurət yarandıqda isə kralın istifadəsi üçün sarayda xüsusi otaqlar ayrılacaq.
Məlumata görə, 369 milyon funt-sterlinq dəyərində olan bərpa layihəsi çərçivəsində sarayın köhnəlmiş elektrik, su və istilik sistemləri tamamilə yenilənir. Təmir işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
Bununla yanaşı, kral ailəsinin maliyyə hesabatı da açıqlanıb. Bildirilib ki, III Çarlz 2024/2025-ci maliyyə ilində 12,9 milyon funt-sterlinq vergi ödəyib. O, 2022-ci ildə taxta çıxdıqdan bəri ümumilikdə 30 milyon funt-sterlinqdən çox vergi verib.
Kralın əsas şəxsi gəlir mənbəyi olan Lankaster Hersoqluğu isə 2025/2026-cı maliyyə ilində ona 25,2 milyon funt-sterlinq qazandırıb.
Eyni zamanda, kral ailəsinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan Suveren Qrantın 2026/2027-ci maliyyə ilində 137,9 milyon funt-sterlinq olacağı açıqlanıb. III Çarlzın xahişi ilə bu məbləğin 2027/2028-ci ildən etibarən 100 milyon funt-sterlinqə endirilməsi planlaşdırılır.
"Cebheinfo.az"


