Turizmdə yeni dövr: İlk insansız otel...
Çinin texnologiya nəhəngi olan şirkətlər süni intellekt dəstəyi ilə fəaliyyət göstərəcək və bütün xidmətləri robotlar tərəfindən yerinə yetiriləcək dünyanın ilk insansız otelini istifadəyə verməyə hazırlaşır.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Çinin “Pudu Robotics” şirkəti və “Shenzhen Culture & Tourism Industry Development” qurumu turizm sahəsində yenilik hesab olunan layihə çərçivəsində tamamilə robotlar tərəfindən idarə ediləcək otelin 2027-ci ildə fəaliyyətə başlayacağını açıqlayıb.
Futuristik otel Quanqdonq əyalətində yerləşən West Artificial Island adasında inşa olunur. Burada qeydiyyat, otaq xidməti, təmizlik, baqajların daşınması və digər əməliyyatlar insan müdaxiləsi olmadan, süni intellektlə təchiz edilmiş robotlar tərəfindən həyata keçiriləcək.
Oteldə 44 lüks otaq, restoran, idman zalı və müxtəlif sosial məkanlar fəaliyyət göstərəcək. Layihənin ilkin sınaq mərhələsinin isə 2026-cı ilin sonlarında məhdud sayda otaq və xidmətlərlə başlanması planlaşdırılır.
Məlumata görə, sistem yalnız ayrı-ayrı tapşırıqları yerinə yetirən robotlardan ibarət olmayacaq. Bütün xidmətlər “PuduFM 1.0” süni intellekt sistemi və “PuduAgent” platforması əsasında yaradılmış vahid ağıllı idarəetmə şəbəkəsi üzərindən koordinasiya ediləcək.
Eyni süni intellekt infrastrukturundan istifadə edən resepsiyon robotları qonaqların jest və davranışlarını analiz edə, çatdırılma robotları marşrutlarını müstəqil şəkildə optimallaşdıra, təmizlik robotları isə tullantıları avtomatik aşkar edərək təmizləmə işlərini həyata keçirə biləcək.
Layihə çərçivəsində “FlashBot” robotları mobil telefon vasitəsilə sifariş edilən içki və digər məhsulları otaqlara çatdıracaq. “PUDU T300” robotları baqajların daşınmasını təmin edəcək, “PUDU CC1 Pro” və “MT1” modelləri isə təmizlik işlərini yerinə yetirəcək.
Layihənin əsas məqsədi West Artificial Island ərazisini robot texnologiyaları və innovativ həllər əsasında qurulan beynəlxalq turizm mərkəzlərindən birinə çevirməkdir. Bu təşəbbüsün gələcəkdə turizm və xidmət sektorunda yeni standartların formalaşmasına təkan verəcəyi gözlənilir.
Gülər
"Cebheinfo.az"


