Hörmüzdə daha bir tanker vuruldu

Hörmüzdə daha bir tanker vuruldu

Hörmüz boğazında növbəti tankerə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, gəmi mərmi zərbəsi nəticəsində zədələnib. Hadisə zamanı heyət üzvləri xəsarət almayıb.

Məlumata əsasən, insident ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından cəmi iki həftə sonra baş verib. Vaşinqton və Tehran bir-birini razılaşmanın şərtlərini pozmaqda ittiham edir.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ticarət gəmisinə hücumuna cavab olaraq ölkənin raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də, sahil radar bazalarına hava zərbələri endirdiyini açıqlayıb.

İran Xarici İşlər Nazirliyi isə ABŞ-nin hücumlarını pisləyərək, bunun beynəlxalq hüququ və 18 iyun tarixli “Müharibənin dayandırılması haqqında Anlaşma Memorandumu”nu pozduğunu bəyan edib. Nazirlik zərbələrin İranın cənub sahilindəki müşahidə məntəqələrini hədəf aldığını bildirib.

İran İnqilab Keşikçiləri Korpusu da ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki ABŞ hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb. Bildirilib ki, İran Hörmüz boğazında gəmiçiliyə nəzarət hüququna malikdir və ABŞ bu prosesi pozmağa çalışır.

Bu gün baş verən tanker insidenti bir neçə gün əvvəl yük gəmisinə edilən hücumdan sonra qeydə alınan ikinci oxşar hadisədir. Dənizçilik yollarının təhlükəsizliyinə cavabdeh Birgə Dəniz Məlumat Mərkəzi bölgədə təhlükə səviyyəsinin artırıldığını açıqlayıb.

"Cebheinfo.az"