Moskvanı yanacaqla təmin edən stansiya vuruldu - FOTOLAR

Moskvanı yanacaqla təmin edən stansiya vuruldu - FOTOLAR

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) bir ay ərzində ikinci dəfə Rusiyanın Vladimirovsk vilayətindəki "Vtorovo" neftvurma stansiyasına dronlarla zərbə endirib. Stansiya Moskvanı yanacaqla təmin edir.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir.

"Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı Rusiyaya təsir göstərmək üçün 40 günlük əməliyyat çərçivəsində UTX-nin "Alfa" qoşunları Vladimirovsk vilayətindəki "Vtorovo" xətti istehsal və dispetçer stansiyasına uğurlu zərbələr endiriblər", - deyə məlumatda bildirilib.

Bu stansiya "Transneft-Verxnyaya Volqa" ASC-nin strukturuna daxildir, ixrac limanlarına və daxili istehlakçılara yüngül neft məhsullarının vurulması (nəqli) üçün əsas logistika mərkəzidir.

"Vtorovo" üzərindən dizel yanacağının Moskvanın "Koltsevoy" (halqavari) neft məhsulları boru kəmərinə, oradan da Moskva ətrafındakı böyük neft anbarlarına nəqli həyata keçirilir.

Stansiya, həmçinin Baltik dənizi limanları vasitəsilə ixrac üçün neft məhsullarının tədarükünü təmin edir.

İlkin məlumata görə, UTX-nin PUA-ları (pilotsuz uçuş aparatı - dron) obyektin texniki binasına zərbə endirib və bundan sonra partlayış baş verib.

Xatırladaq ki, "Vtorovo" neftvurma stansiyasına ilkin hücum iyunun 10-da olub.

Bundan əlavə, Rusiyanın Vladimirovsk vilayətindəki "Lobkovo" stansiyası da həmin vaxt zərbəyə tuş gəlib.

Hər iki neftvurma stansiyasının yerləşdiyi ərazilərdə yanğınların göstəricisi olan termal (istilik) anomaliyalar qeydə alınıb.

Həmçinin mayın 24-də də "Vtorovo"ya zərbə endirilməsi barədə məlumat verilmişdi.

"Cebheinfo.az"