Lyayen Azərbaycana gəlir: Səfərin pərdəarxası detalları nədən ibarətdir?
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana gələcək.
Xanım Lyayen eyni gündə Ermənistana, axşam isə Azərbaycana səfər edəcək. Bu, Avropa Komissiyası sədrinin 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq.
Bakıda aparılan danışıqlarda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir.
Brüsselin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda baş tutacaq regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.
Qeyd edək ki, yüksək səviyyəli Avropa İttifaqı rəsmilərinin eyni vaxtda Ermənistana və Azərbaycana səfərləri bir sıra strateji əhəmiyyətli səbəblərlə izah edilir.
Yəni həm İrəvanda, həm də Bakıda keçiriləcək görüşlərdə Avropa İttifaqının Ermənistanla və Azərbaycanla münasibətlərində ikitərəfli münasibətlərə aid olan məsələlərlə yanaşı, regional proseslərin müzakirə ediləcəyini göstərir.
Səfər zamanı Avropa İttifaqı Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra Rusiyanın təzyiqləri qarşısında Nikol Paşinyan hakimiyyətinə siyasi və iqtisadi dəstəyini nümayiş etdirəcək.
Çox güman ki, Ursula fon der Lyayen və Marta Kos seçkilər artıq geridə qaldığından rəsmi İrəvandan Avrointeqrasiya istiqamətində daha çevik islahatlar həyata keçirməyi tələb edə bilər.
Əsas diqqət mərkəzində olan mövzulardan biri isə Rusiyanın idxalına qadağa qoyduğu Ermənistan məhsullarının Avropa bazarlarına daşınması və erməni fermerlərə dəymiş ziyana görə maliyyə yardımının ödənilməsi ola bilər.
Bakıda aparılacaq danışıqlarda isə Azərbaycandan neft və təbii qaz tədarükü məsələsinin ön planda olacağı gözlənilir. Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti müəyyən qədər bərpa olunsa da, ABŞ və İran arsında müharibə risqləri yüksək olaraq qalır.
Bölgədə sabitlik bərpa olunmadığına görə, Avropa İttifaqı alternativ enerji mənbələrini genişləndirməyə çalışır. Digər tərəfdən, Avropa İttifaqı Rusiyadan neft və qaz idxalına tamamilə son qoymağa çalışır.
Rusiyanın neft və qaz emalı zavodları, yanacaq anbarları Ukraynanın zərbələri nəticəsində məhv edildiyindən onu tezliklə bərpa etmək də mümkün olmayacaq.
Ona görə də Avropa İttifaqının Azərbaycan neftinə və Cənub Qaz Dəhlizinə tələbatı artıb. Ursula fon der Lyayenin Bakıda aparacağı danışıqlarda məhz Avropanın enerji təhlükəsizliyinin gündəlikdə əsas yer tutacağı gözlənilir.
Eyni zamanda, Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinin qısa müddətdə reallaşmasında maraqlıdır. Artıq Ermənistanda seçkilər başa çatdığından çox güman ki, Avropa İttifaqı rəsmiləri Paşinyan hökuməti qarşısında yaxın aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını vacib şərtlərdən biri kimi qaldıracaq.
Şimal-qərbdən Rusiya-Avropa, cənubdan isə Hörmüz boğazı istiqamətində nəqliyyat-ticarət yollarının bloklanması Avropa İttifaqının Cənubi Qafqazdan keçən marşrutlara marağını artırıb.
Xüsusilə də Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yükdaşımaları üçün strateji əhəmiyyət daşıyan Orta Dəhlizin reallaşması Qərb üçün ən əlverişli marşruta çevrilməkdədir.
Bu baxımdan, Avropa İttifaqı Zəngəzur dəhlizinin, yəni TRIPP layihəsinin icrasına dəstək verir. Lakin bütün bunlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır.
Avropa İttifaqının bu mövqeyi rəsmi İrəvanın manevr imkanlarını azaltdığından Azərbaycanın da maraqlarına cavab verir.
Müşfiq Abdulla
“Cebheinfo.az”


