Normal bədən temperaturu: Nələrə diqqət etməli...

Normal bədən temperaturu: Nələrə diqqət etməli...

Yay mövsümündə havanın temperaturu yüksəldikcə insanlar sərinləmək üçün kondisionerli məkanlara üz tutur. 

Çöldə nəfəs almağı çətinləşdirən istilər, içəridə isə bəzən həddindən artıq aşağı salınmış temperatur insan orqanizmini daim uyğunlaşmağa məcbur edir.

Bu dəyişikliklər adi görünsə də, temperatur fərqləri bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Bəs ən isti və ən soyuq məkan arasındakı kəskin temperatur fərqi insan sağlamlığına necə təsir edir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, bədən üçün normal temperatur əsas şərtlərdən biridir:

“Temperaturlar arasında həddindən artıq fərq olması insan orqanizmi üçün zərərlidir. İnsan bədəninin normal temperaturu 36–37 dərəcə olsa da, daxili orqanlarda bu göstərici fərqlənir.  Məsələn, qaraciyər və düz bağırsaqda temperatur təxminən 38 dərəcədir.

Bəzi orqan və toxumalarda isə temperatur nisbətən aşağı olur. Orqanizmdə bütün biokimyəvi proseslər müəyyən temperatur rejimində normal şəkildə fəaliyyət göstərdiyi üçün kəskin temperatur dəyişiklikləri bu tarazlığı poza bilər. İsti havadan birbaşa çox soyuq mühitə və ya əksinə keçmək orqanizm üçün ciddi stress yaradır.

Bu zaman damarlar sürətlə daralıb-genişlənir, qan dövranında dəyişikliklər baş verir və orqanizmin uyğunlaşma mexanizmləri əlavə yük altında qalır. Nəticədə baş ağrısı, halsızlıq, təzyiq dəyişiklikləri, ürək-damar sistemi ilə bağlı narahatlıqlar və sinir sistemində pozuntular yarana bilər".

Onun sözlərinə görə, bu risklər yalnız kondisionerli mühitlə məhdudlaşmır:

"Həddindən artıq soyuq su, buzlu içkilər və dondurmanın sürətlə qəbul edilməsi də orqanizmə mənfi təsir göstərə bilər. Xüsusilə isti havada birdən-birə çox soyuq maye qəbul edildikdə boğaz, tənəffüs yolları və damar sistemində ani reaksiyalar baş verə bilər. Bəzi insanlarda bu, boğaz ağrıları, spazmlar və ya xroniki xəstəliklərin kəskinləşməsi ilə nəticələnə bilər".

O qeyd edib ki, kondisionerdən istifadə zamanı temperaturun həddindən artıq aşağı salınması tövsiyə edilmir:

"Xarici mühitlə otaq temperaturu arasında çox böyük fərqin yaranması orqanizmin adaptasiya imkanlarını zəiflədir. Buna görə də kondisionerin temperaturu normal səviyyədə saxlanmalı, soyuq hava axını birbaşa insanın üzərinə yönəldilməməlidir. Temperaturun düzgün tənzimlənməsi sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Xüsusilə yaşlı insanlar, ürək-damar, tənəffüs və digər xroniki xəstəlikləri olan şəxslər, eləcə də immun sistemi zəif olan insanlar kəskin temperatur dəyişikliklərinə qarşı daha həssasdırlar. Bu qrup insanlarda temperatur fərqləri müxtəlif patoloji halların yaranmasına və mövcud xəstəliklərin ağırlaşmasına səbəb ola bilər”.

Gülər Həsənli 
"Cebheinfo.az"