Sosial media uşaqların arzularını dəyişir: Hər 10 şagirddən 6-sı...
Yeni bir araşdırma sosial medianın uşaqların gələcək peşə seçimlərinə və karyera arzularına əhəmiyyətli dərəcədə təsir göstərdiyini ortaya qoyub.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ və Norveçdə aparılan araşdırmaya görə, orta və yuxarı sinif şagirdlərinin təxminən 60 faizi gələcəkdə sosial media fenomeni (influencer) olmaq istədiyini və ya peşə seçiminə sosial medianın təsir etdiyini bildirib.
Araşdırma Viskonsin Universitetinin professoru Metyu Simoneanın rəhbərliyi ilə həyata keçirilib. Tədqiqat çərçivəsində ABŞ-nin Viskonsin ştatında və Norveçdə 7 yaşdan yuxarı sinif yaşına qədər olan şagirdlərlə müsahibələr aparılıb. Uşaqlara "Böyüyəndə nə olmaq istəyirsiniz?" sualı ünvanlanıb.
Tədqiqatçılar xüsusilə azyaşlı uşaqların bir çoxunun peşə adı yazmaq əvəzinə, "TikTok" və "YouTube" loqolarını çəkdiyini müəyyən ediblər. Uşaqlar sosial media məzmun istehsalçılarını məşhur olmaları və yüksək gəlir əldə etmələri səbəbindən özlərinə nümunə seçdiklərini bildiriblər.
Yaşı daha böyük olan şagirdlər arasında mühəndis, müəllim, elektrik və qaynaqçı kimi ənənəvi peşələr üstünlük təşkil etsə də, influencer olmaq bütün yaş qruplarında diqqət çəkən ortaq məqsədlərdən biri olub.
Tədqiqatçılar sosial medianın hər zaman mənfi təsir göstərmədiyini də vurğulayıblar. Məsələn, kənd ərazisində yaşayan bir şagird sosial şəbəkələrdə izlədiyi məzmunlardan təsirlənərək dəniz bioloqu olmağı qarşısına məqsəd qoyduğunu bildirib.
Bununla belə, mütəxəssislər sosial media vasitəsilə şöhrət və yüksək gəlir əldə etmək gözləntilərinin hər zaman real olmadığını qeyd ediblər. ABŞ-də fəaliyyət göstərən məzmun istehsalçılarının yarıdan çoxu ildə 15 min dollardan az gəlir əldə edir.
Əfsanə
"Cebheinfo.az"


