Quba rayonunda Azərbaycan mədəni irsinə həsr olunmuş intellektual turnirin final mərhələsi keçirilib
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunda final tədbiri təşkil olunub.
Quba rayonu Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Şabran rayonunu “Qarabağ”, “İntibah” və “Everest”, Xaçmaz rayonunu “Zəka”, “İstiqlal” və “Turan”, Qusar rayonunu “Yüksəliş”, “Şahdağ” və “Zirvə”, Quba rayonunu isə “İnvictus”, “Assassins Creed”, “Ümid”, “Rustov”, “Zirvə”, “Matriks”, “Atəşgah”, “Simurq”, “RT-Team”, “Birlik” və “Fətəlixan” komandaları təmsil edib. Ümumilikdə, 120 nəfər yeniyetmə və gənc müəllim Nə? Harada? Nə zaman? oyunu üzrə turnirdə mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Azərbaycanımızın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin, komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.
Rəsmi hissədə çıxış edənlər – Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsul işçisi Fərid Musayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin gənclər sektorunun müdiri Mənsur Ağayev, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abdüləlimova, Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məkəbinin direktoru Arzu Hüseynova, Vətən müharibəsi şəhidi Ürfan Məmmədovun bacısı Maisə Salahova bu kimi tədbirlərin yeniyetmə və gənclər arasında təşkil olunmasının onlarda vətənə bağlılıq hislərinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişaf etdirilməsinə müsbət təsir etdiyini bildiriblər.
Əsasnaməyə uyğun olaraq yarış “Büyük kubok” və “Kiçik kubok” olmaqla iki sistem üzrə keçirilib.
İlk 18 sualdan sonra ilk 10 komanda “Böyük kubok”, digər “ikinci eşalon”u təmsil edən 1o komanda isə “Kiçik kubok” uğrunda mübarizə aparıb.
“Kiçik kubok” yarışında qalib adını Quba rayonunun Zərdabi qəsəbəsini təmsil edən “Matriks” komandası qazanıb.
“Böyük kubok” yarışında isə Quba rayonunun Alekseyevka kəndinin “RT-Team” komandası birinci, İkinci Nügədi kəndini təmsil edən “İnvictus” komandası ikinci, Quba şəhərini təmsil edən “Fətəlixan” komandası isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal və diplomlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” adlı layihə çərçivəsində 3 ay müddətində Qusar, Xaçmaz, Şabran və Quba rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 400 nəfər yeniyetmə və gənc iştirak edib.
"Cebheinfo.az"


