Cəbhədə vəziyyət ağırlaşır - Kiyevdən diqqətçəkən açıqlama
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Rusiyanın hərbi potensialının kiçildilməməsi lazım olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Sırski “The Times” qəzetinə müsahibəsində cəbhədəki çətin vəziyyətə diqqət çəkib.
O vurğulayıb ki, Moskva xüsusilə silah sistemləri sahəsində böyük imkanlara malikdir:
“Rusiyanın hərbi potensialını kiçiltməməliyik. Xüsusilə silah sistemləri sahəsində böyük potensiala malikdirlər”.
Ukraynalı komandan Moskvanın həm canlı qüvvə, həm də texnoloji infrastruktur baxımından ciddi gücə sahib olduğunu bildirib:
“Cəbhə xəttinə yaxın ərazilərdə zirehli texnikadan səmərəli istifadə etmək mümkün olmur”.Onun sözlərinə görə, Ukrayna hərbçiləri çox vaxt piyada hərəkət etməyə məcbur qalırlar:
“Bu vəziyyət əsgərlərin daha böyük risklə üzləşməsinə və irəliləyişin ləngiməsinə səbəb olur. Hazırda Ukrayna ordusunun ən böyük probleminin sursat çatışmazlığından çox, təlim keçmiş şəxsi heyətin azlığıdır.
Bu vəziyyət müharibənin uzanması və itkilərin artması fonunda Ukrayna ordusunun qarşılaşdığı ən ciddi problemlərdən biridir”.
Sırskinin açıqlamaları Ukrayna ordusunun döyüş meydanında üzləşdiyi reallıqları və çətinlikləri bir daha ortaya qoyur.
Onun Rusiyanın hərbi potensialı ilə bağlı xəbərdarlığı Kiyev rəhbərliyinin Qərb müttəfiqlərindən daha çox dəstək istəməsi fonunda diqqət çəkir.
Nigar Hacılı
"Cebheinfo.az"


