100 il əvvəl Bakıdakı Birinci Türkoloji Qurultay: İştirakçılar, müzakirələr, qərarlar - FOTOLAR
Bu gün Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” başlanıb.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində yer alıb.
Buna müvafiq olaraq elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilir.
İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi”nin təşkilatçıları Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondudur.
2026-cı ilin fevral ayında Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olub. Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamında bildirilir ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir.

Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılıb.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib.
Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınıb, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulub.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
“Cebheinfo.az” xatırladır ki, Birinci Türkoloji Qurultayda ümumilikdə 12 ölkədən -Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Ermənistandan nümayəndələr iştirak etmişdir. Bununla yanaşı, Krım, Tatarıstan, Başqırdıstan, Dağıstan, Çuvaşiya, Kalmıkiya, Kabarda-Balkar, İnquşetiya, Noqay ordası, Çeçenistandan nümayəndələr iştirak ediblər.
Qurultayda ümumilikdə 134 iştirakçı olub, 17 iclas keçirilib. Bu iclaslarda türk xalqlarının, bütövlükdə Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 elmi məruzə təqdim olunub.

Qurultaya Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu sədrlik edib.
Rəyasət Heyətinə seçilənlər arasında Azərbaycandan Ruhulla Axundov və Həbib Cəbiyev, tanınmış şərqşünas və tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alim heyətinin nümayəndəsi professor Teodor Menzel, RSFSR Xalq Maarif Nazirliyindən İosif Naqovitsin, professor Bəkir Çobanzadə, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursun, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və Mixail Pavloviç, Tatarıstandan Qalimcan İbrahimov, Başqırdıstandan Kərim İdelqujin, Türkiyədən SSRİ EA-nın xarici müxbir üzvü professor Fuad Köprülüzadə, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rəhim İnoqamov, Qırğızıstandan Qasım Tınıstanov, Türkmənistandan Bekki Berdiyev, Krımdan Hüseyn Ağçokraklı və Həbibulla Odabaş, Şimali Qafqazdan isə Umar Əliyev kimi tanınmış şəxsiyyətlər olub.
Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər olub. Bütün bu məsələlərə hazırda Türk Dövlətləri Təşkilatının da diqqət yetirdiyi məsələlərdir.
Elnarə Kərimova
“Cebheinfo.az”


