1 dəqiqəyə 1 sualı cavablandıran müəllim: “Bizə dövlət yaxşı maaş verir, kompüter alsınlar”

1 dəqiqəyə 1 sualı cavablandıran müəllim: “Bizə dövlət yaxşı maaş verir, kompüter alsınlar”

17-25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb. 

Tam elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib, 96 faiz davamiyyət qeydə alınıb. Qeyd edək ki, ötən sertifikasiya imtahanlarında olduğu kimi bu proses zamanı da yüksək nəticə əldə edən müəllimlər olub. 

“Cebheinfo”-nun müsahibi Şirvan şəhər 5 saylı orta məktəbin ibtidai sinif müəllimi, sertifikasiya imtahanında 56 bal toplamış Şəfəq Əhmədlidir:

-Sertifikasiyada iştirak edən bəzi müəllimlər bu imtahan prosesinə ehtiyacın olmadığını deyir, təhsilverənlər isə müsbət amil kimi dəyərləndirirlər. Siz necə düşünürsünüz, ümumiyyətlə, sertifikasiya prosesi keçirilməlidirmi?

-Mənim fikrimcə, sertifikasiyanın keçirilməsi yaxşıdır. Həm motivasiyaya görə, həm də müəllimi inkişaf etdirir. İmtahan unutduğun məqamları təkrarlamağa şərait yaradır. Mən ötən il MİQ imtahanında da iştirak etmişəm. İmtahan şəraiti müəllim üçün yaxşıdır. 

Eyni zamanda, müəllimlərin maddi rifahı baxımından da yaxşıdır. Mən 2000-ci ildə müəllim kimi fəaliyyətə başlamışam. Sonra analıq məzuniyyətinə görə 1 il işə gec başladım. 

2023-cü ildə də analıq məzuniyyəti ilə bağlı ibtidai sinif müəllimlərinin sertifikasiyasında iştirak edə bilməmişəm. Nəhayət, bu il sertifikasiya prosesində iştirak etdim və müəllimin fəaliyyəti üçün müsbət amil hesab edirəm. 

-Builki sertifikasiya imtahanını necə qiymətləndirirsiniz? Suallarla bağlı çətinlik yaşadınızmı?

-Mənim potensialıma görə builki imtahanda suallar normal idi. Bir suala bir dəqiqədən də az vaxt sərf etmişəm. “Azərbaycan dili” uzun illər çalışanlar üçün çətin olmaya bilər, prosesin içində olan, yəni ötən il MİQ imtahanında olan üçün çətin deyil. 

“Riyaziyyat” fənnindən suallar mənə “Azərbaycan dili”ndən daha asan gəldi. Sualları rahat cavablandırmışam, həyəcanlanmamışam. Mən imtahandan 20 dəqiqə tez çıxmışam. Ümumilikdə sualları 43 ərzində cavablandırıb 56 bal toplamışam.
 
-Müəllimlərin bir qismi sertifikasiyadan öncə hazırlıq kurslarına gedirlər. Siz də kurslara müraciət etdinizmi?

-Əslində mənim ehtiyacım yox idi. Çünki ötən il MİQ-də iştirak etmişəm. 

Mənim 4-cü sinifim var idi. Fikirləşdim ki, özüm hazırlaşsam, o zaman vaxtı düzgün bölə bilməyəcəm. Ona görə fikirləşdim ki, mən də hazırlığa qoşulum, sualları göndərsinlər, mən də oturum rahat işləyim. Sinxron tədrisdən istifadə etmişəm. 

Mənim kimi müəllim üçün hazırlıqdan istifadəyə ehtiyac yox idi. Yalnız kurikulumdan yeniliklərə baxmaq bəs edər. Ancaq sertifikasiya üçün əsas odur ki, imtahana gedəsən, o stressi yaşayasan. Sadəcə olaraq müəllimlərdə imtahanla bağlı qorxu formalaşır. 

İmtahanda sualları yaza bilməyənlər var və bu da ondan irəli gəlir ki, müəllim imtahana getmir, özünü inkişaf etdirmir. Bəzi müəllimlər düşünür ki, imtahandır, gedib yazacağam. Elə düşünən müəllimlər də zəif nəticə göstərirlər. 

İmtahana həm savad, həm də psixoloji baxımdan hazır olmaq lazımdır. Mən çox cüzi hazırlıq keçmişəm. Müəllimin də bilmədiyi məqamlar var. İmtahanda elə bir xırda səhv edərsən ki, sonra peşman olarsan. Buna görə də müəllimin öz üzərində işləməsinin tərəfdarıyam. Buna görə də yaxşı olar ki, müəllimlər hazırlığa gedib özünü inkişaf etdirsinlər. 

-Ötən sertifikasiyalarda uzun müddət müəllim işləyənlərdən də kəsilənlər olmuşdu. Həmin müəllimlər bunu müxtəlif amillərlə izah edirdilər. Sizcə bu, müəllimin tədris etdiyi fənni yaxşı bilməməsindən, yoxsa müasir texnologiyadan istifadə bacarığının olmamasından irəli gəlir? 

-İmtahanda dövlət hər şərait yaradıb. Məsələn, “Riyaziyyat” fənni ilə bağlı adi kağız üzərində də çalışmaq olar, ancaq hazırda kompüter, karkulyator kimi avadanlıqlar var. Yəni bu, ondan irəli gəlir ki, müəllimin İKT bacarıqları zəifdir. 

O, nə kompüterdən, nə karkulyatordan düzgün istifadə edə bilir. Eyni zamanda, kompüterlə işləməyə alışmaq lazımdır, imtahanda gərək həyəcanlamayasan. Məsələn, suallara baxıb sürətlə 2-dən -5-ə keçir, sualın rənglərinə fikir vermir. Bütün bunlar üçün hərtərəfli hazır olmaq lazımdır. 

Müəllimlərin aşağı nəticə göstərməsi ondan irəli gəlir ki, birinci İKT bacarığı zəifdir, ikincisi, müəllim imtahan görməyib. İmtahana dırnaqarası baxmaq düzgün deyil. İmtahandan kəsilir, sonra deyir ki, niyə kəsildim? Bir qədər məsuliyyətlə yanaşmaq lazımdır. 

Müəllimin İKT bacarığı olmalıdır, çünki zəmanəmiz onu tələb edir. Biz deyə bilmərik ki, texnologiyanı neynirik? Biz özümüzdə baza yaratmalıyıq ki, bu, bizə lazımdır, bizdə olmalıdır. İlk öncə müəllimin evində kompüteri olmalıdır. Bizə də dövlət yaxşı maaş verir, almaq problem deyil. 

İmtahanda zəif nəticə toplamaqdansa, lazım olan texnologiyadan istifadə etməliyik. Müəllim özünü yenilik baxımından da inkişaf etdirməlidir. Əgər bunları etsə, düşünürəm ki, imtahanda balı da yüksək olar. 

Bəzi yaşlı müəllimlərin zəif nəticə göstərməsinin səbəbi odur ki, imtahana gec-gec gedirlər, özlərini inkişaf etdirmirlər. Sertifikasiyaya 1 ay qalmış hazırlaşmağa çalışırlar. 

- Yəqin ki, 5 ildən sonra növbəti sertifikasiyada iştirak etməli olacaqsınız. Yenə də yüksək bal toplayacağınıza əminsinizmi?

-Növbəti sertifikasiya nazirin qərarından asılıdır. Əgər 3 ildən sonra da olsa, mənim üçün problem deyil. Mən özümə arxayınam. Bəzi adamlar deyir ki, müəllimlər niyə öz ballarını açıqlayırlar. Yaxud deməsinlər ki, imtahan asan və ya çətindir. 

Niyə demirəm? Bu, mənim potensialımdır, yazmışam və deyirəm, uğurumu da paylaşıram. Bəlkə başqa insanlara motivasiya olar. Mən özüm də baxıb, motivasiya götürdüyüm insanlar olub. Demək ki, o müəllim bunu edibsə, mən də edə bilərəm. 

Nigar Abdullayeva
“Cebheinfo.az”