Rusiyaya ölüm hökmü QAYIDIR

Rusiyaya ölüm hökmü QAYIDIR

Rusiya Dövlət Dumasına ölkənin müdafiə qabiliyyətinə zərər vuran korrupsiya cinayətləri üçün ölüm hökmünün bərpasını nəzərdə tutan qanun layihəsi təqdim olunub.
 
"Cebheinfo.az"
xəbər verir ki, layihə “Ədalətli Rusiya” Partiyası tərəfindən hazırlanıb. Təklifə əsasən, ölüm hökmü bütün korrupsiya cinayətlərinə şamil edilməyəcək. 

Rüşvət, mənimsəmə, qanunsuz komissiya və ya digər korrupsiya halları nəticəsində müdafiə sənayesi sifarişlərinin pozulması, ordunun keyfiyyətsiz silah və texnika alması, döyüş hazırlığının zəifləməsi və ya vətəndaşların təhlükəsizliyinin risk altına düşməsi hallarında bu əməllər vətənə xəyanət kateqoriyasına daxil edilə bilər. 

Partiya sədri Sergey Mironov bildirib ki, mövcud qanunvericilik adi korrupsiya ilə vətənə xəyanət arasında hüquqi boşluq yaradır. Onun fikrincə, şəxsi maraq naminə ölkənin müdafiəsini zəiflədən şəxslərin əməlləri casusluq və vətənə xəyanətlə eyni səviyyədə qiymətləndirilməlidir. 

“Ədalətli Rusiya” Partiyası daha əvvəl də terror cinayətləri, uşaqları qətlə yetirən şəxslər və terror təşkilatlarına yardım edənlər üçün ölüm hökmünün geri qaytarılmasını təklif etmişdi. 

Yeni qanun layihəsi ilə bu siyahının müəyyən korrupsiya cinayətlərini də əhatə etməsi istənilir. Rusiyada ölüm hökmü qanunvericilikdə mövcud olsa da, 1996-cı ildən tətbiq edilən moratorium səbəbindən icra olunmur. 

Son illərdə ölüm hökmünün yenidən tətbiqi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülsə də, indiyədək onların heç biri qanun qüvvəsi almayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"