Qabil Hüseynli: “İsrail bu hərəkətinə görə cavabını alacaq”
İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib.
Bu haqda İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında yazıb:
“İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı rəsmi şəkildə tanıması ilə bağlı qətnamə layihəsini hökumətin növbəti iclasında təsdiqə təqdim edəcəyəm”.Qeyd edək ki, qətnamə bundan sonra səsvermə üçün Knessetin plenar iclasına təqdim olunacaq.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, İsrail hökumətinin rəsmi olaraq “erməni soyqırımı”nı tanınması heç bir əhəmiyyət kəsb etmir:

“Lakin bu məsələ iki dövlət arasındakı münasibətləri son dərəcə gərgin həddə çatdıracaq. Eyni zamanda, İsrailin bu addımı İsrail-Azərbaycan münasibətlərini də alt-üst etdi. Bu gün dünyada bizə ən yaxın olan ölkə Türkiyədir. Türkiyənin təəssübünü hər an, hər yerdə çəkməliyik.
İsrailin bu addımı, sadəcə olaraq, Türkiyənin son dövrlərdə Fələstin və ərəb dünyası ilə bağlı məsələlərdə oynadığı rolla bağlıdır. İndi bununla bir növ Türkiyəyə gözdağı vermək istəyir. Bu isə heç bir əhəmiyyət kəsb etməyəcək.
Nə olsun ki, saxta soyqırımı adı altında uydurulmuş yalançı bir iddianı tanıyırlar? Ona görə də mənim zənnimcə, bu məsələ iki dövlət arasındakı münasibətləri son dərəcə gərgin həddə gətirib çıxaracaq”.
Politoloq vurğulayıb ki, indiyədək Türkiyə ilə normal münasibətləri qorumağa çalışan İsrailin birdən-birə belə bir addım atması həddindən artıq əsəbvericidir və münasibətləri alt-üst edən bir addımdır:
“Bundan sonra cəsarətlə demək olar ki, İsrail bu hərəkətinə görə cavabını alacaq. Biz indiyədək İsrailə qarşı İranla o qədər də açıq münasibət sərgiləmirdik.
İndi isə bu hadisədən sonra İranın hər addımını müdafiə etmək, onun İsrailə qarşı mübarizəsini dəstəkləmək məcburiyyəti qarşısında qala bilərik. Qoy bundan İsrail nəticə çıxarsın”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


