Xarici banklar Azərbaycan bazarına buraxılarsa: Faiz azalacaq


Türkiyə sığorta şirkətlərinin yenidən Azərbaycan bazarına qayıda biləcəyi ilə bağlı səslənən fikirlər maliyyə sektorunda rəqabət məsələsini yenidən gündəmə gətirib. 

Ekspertlər hesab edirlər ki, xarici şirkətlərin bazara daxil olması xidmət keyfiyyətinin yüksəlməsinə, yeni məhsulların təqdim olunmasına və müştərilər üçün daha əlverişli şərtlərin formalaşmasına töhfə verə bilər. 

Bu müzəkirələr fonunda diqqət çəkən digər məqam isə bank sektorudur. Əgər xarici sığorta şirkətlərinin fəaliyyətinin genişlənməsi bazar üçün faydalı hesab olunursa, xarici bankların da Azərbaycana gəlməsi rəqabətin artmasına, maliyyə xidmətlərinin əlçatanlığının yaxşılaşmasına və bank xidmətlərinin keyfiyyətinin yüksəlməsinə necə təsir göstərə biləcəyi müzakirə olunur. Xarici bankların Azərbaycanda bank sektoruna daxil olması rəqabəti və xidmət keyfiyyətini artıra bilərmi? 

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında iqtisadçı - ekspert Rəşad Həsənov bildirib ki, bazarda iştirakçıların sayının çox olması bu istiqamətdə rəqabəti artırmaqla, həm xidmətlərin keyfiyyətinə, həm əlçatanlığa, həm də tətbiq olunan rüsumlara öz təsirini göstərə bilər: 

“Azərbaycanda sahibkarların qarşılaşdığı ən ciddi problemlərdən biri maliyyə əlçatanlığıdır. Alternativ maliyyə alətləri ölkədə zəif inkişaf edib. İnsanlar əsasən banklara üz tuturlar. Banklar isə təbii ki, bu vəziyyətdən istifadə edərək daha yüksək faizlər tətbiq edirlər. 

Bu baxımdan, xarici bankların bazara daxil olması rəqabət mühitini dəyişdirə bilər. Bu, təklif olunan xidmətlərin keyfiyyətinə müsbət təsir göstərə, eyni zamanda tariflərin, komissiyaların və faizlərin aşağı düşməsinə səbəb ola bilər.

Mövcud şərtlər daxilində görünən odur ki, Azərbaycanda bu sahənin tənzimlənməsini həyata keçirən qurumlar daha çox bazara ənənəvi olmayan, innovativ məhsullar təqdim edə bilən bankların daxil olmasında maraqlıdırlar. 

Onlar hesab edirlər ki, hər hansı bank Azərbaycan bazarına gəlib yalnız ənənəvi qaydada kredit verəcək, depozit toplayacaq və bazardakı orta faiz siyasətinə uyğun fəaliyyət göstərəcəksə, bu, o qədər də cəlbedici görünmür”. 

O qeyd edib ki, xarici kapitallı bank Azərbaycan bazarına daxil olmaq istəyirsə, yeniliklər tətbiq etməlidir: 

“Həm rəqəmsallaşma, həm xidmətlərin əlçatanlığı, həm də xərclərin optimallaşdırılması baxımından bazarda dəyişikliklərə səbəb ola bilməlidir. 

Düşünürəm ki, bütün bunlara baxmayaraq, xarici bankların Azərbaycana buraxılması bu istiqamətdə ciddi dəyişikliklərlə müşahidə oluna bilər. 

Təbii ki, bu dəyişikliklər ilkin mərhələdə deyil, daha çox orta və uzunmüddətli perspektivdə özünü göstərəcək. Həmin dövrdə həm kəmiyyət, həm də keyfiyyət baxımından mühüm dəyişiklikləri müşahidə edə bilərik”. 

Gülər Həsənli 
“Cebheinfo.az”