Burhanəddin Duran: “Türkiyəyə tarix dərsi oxumağa haqqınız yoxdur”

Burhanəddin Duran: “Türkiyəyə tarix dərsi oxumağa haqqınız yoxdur”

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İsrail hökumətinin “erməni soyqırımı”nı tanımasına cavab olaraq sosial media platforması “X”-də açıqlama yayıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, "Bu, 21-ci əsrin ən vəhşi qırğınını törədən, yeni doğulmuş körpələr, qadınlar və yaşlılar da daxil olmaqla on minlərlə günahsız mülki şəxsi amansızcasına öldürən və eyni zamanda tarixi hadisələrdən siyasi silah kimi istifadə etməyə cəsarət edən İsrail administrasiyasının təmiz ikiüzlülüyüdür”,-deyib.

Duran açıqlamasında bildirib ki, İsrailin 1915-ci il hadisələrini "soyqırım" kimi tanıması, tökdüyü günahsız Fələstin qanını, Yaxın Şərqdəki dövlət terrorizmini və cəzasızlıqla törədilən insanlığa qarşı cinayətlərini ört-basdır etmək üçün boş bir cəhddir: 

“Bəşəriyyət tarixində ən böyük ironiya ondan ibarətdir ki, beynəlxalq hüququ pozaraq xəstəxanaları, məktəbləri, ibadət yerlərini və qaçqın düşərgələrini davamlı olaraq bombalayan eyni insanlar bu gün mənəvi və tarixi vəzifələrindən danışırlar”.

Duran bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi qarşısında soyqırım ittihamı ilə mühakimə olunanların Türkiyəyə tarix dərsi oxumaq və ya vicdan keşikçisi rolunu öz üzərinə götürmək hüququ yoxdur.

Xəzər
“Cebheinfo.az”