İlahiyyatçıdan Aqşin Yeniseyin qalmaqallı sözlərinə CAVAB

İlahiyyatçıdan Aqşin Yeniseyin qalmaqallı sözlərinə CAVAB

Şair və publisist Aqşin Yenisey sosial şəbəkədə inancların mahiyyəti, dinlərin formalaşması və müasir cəmiyyətdə inancın rolu ilə bağlı paylaşdığı fikirlərlə müzakirələrə səbəb olub. 

O bildirib ki, hansısa ixtisasa yiyələnib özünü oxumuş, savadlı zənn edən, eyni zamanda inancına hörmət olunması uğrunda saçını-başını yolan həkimlərə, müəllimlərə, professorlara, yazarlara və s. universitet diplomuyla silahlanmış şəxslərə bunu bağışlamaq günah olar. 

Səbəbini isə belə izah edib:

“Kəldanilərin başı işə-gücə qarışanda yeniyetmə İbrahim peyğəmbər məbədə girib öz xalqının min illik inancını təmsil edən bütlərini qırdı, xalq xəbər tutanda onları cahilliklə suçladı. 

Yeniyetmə İsa peyğəmbər musəvilərin qurban mərasiminə baxanda öz xalqının inancından ürəyi bulandı və qurbanlıq quzusunu qoltuğuna vurub məbəddən qaçdı. Min illik musəvi inancının düşməninə çevrildi. Məhəmməd peyğəmbər də Kəbəyə girib öz xalqının min illik inancının bütlərini vurub-dağıtdı. 

Bu gün öz inancına hörmət tələb edən hər üç dinin mənsubları özlərindən əvvəlkilərin inancına hörmətsizlik edən bir peyğəmbərin davamçılardır. Deyə bilərsiniz ki, onlar batil inanclar idi, bütpərəstlik idi və s. İnancın batil olmaması mümkün deyil, çünki heç bir inancın sübutu, dəlili yoxdur. 

Ona görə inanc özünü bəri başdan ağlın mühakiməsindən azad edir, "məni qəlbinlə qəbul et" deyir. Çünki ağıl sübut tələb edir. Bizim inancını ixtisasından üstün tutan həkimlər, müəllimlər, professorlar, yazarlar və s. diplomlu neandertallar öz inanclarının yaranma tarixinə baxsınlar. Əgər peyğəmbərlər özlərindən əvvəlkilərin min illik inanclarına hörmətlə yanaşsaydılar, bu gün onlar bütpərəst olmayacaqdılarmı?”

Aqşin Yeniseyin "bütün inanclar batildir, çünki sübutu yoxdur" fikri dini baxımından necə qiymətləndirilir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, inancı sadəcə psixoloji rahatlıq mənbəyi kimi təqdim etmək düzgün yanaşma deyil: 

“Əgər bir insanın hansısa inanca sahib olmasını yalnız psixoloji rahatlıq tapmaq istəyi ilə izah ediriksə, eyni məntiqlə inancsız insanların da öz dünyagörüşlərində psixoloji rahatlıq tapdıqlarını qəbul etməliyik. Bu səbəbdən inanc məsələsini yalnız psixoloji amillərlə izah etmək birtərəfli yanaşmadır.

Digər tərəfdən, tarix boyu müxtəlif inanc sistemlərinə müəyyən xurafatların, yanlış təsəvvürlərin və sonradan əlavə edilmiş elementlərin qarışdığı da məlumdur. Lakin bu fakt bütün inanc sistemlərinin kökündən yanlış və ya bəşəriyyət üçün zərərli olduğu anlamına gəlmir. Elm elmdir, inanc isə inancdır. 

Bu iki anlayışı bir-birinə qarşı qoymaq doğru deyil. Tarix boyunca bir çox filosoflar inancla ağıl və fəlsəfə arasında əlaqə qurmağa çalışıblar. Şərq filosofları, eləcə də İslam mütəfəkkirləri – Əl-Kindi, Əl-Fərabi, İbn Sina kimi alimlər dini düşüncə ilə fəlsəfi təfəkkürün bir-birinə zidd olmadığını əsaslandırmağa çalışıblar. 

Xüsusilə Əl-Kindi İslam inancını fəlsəfə və elmlə uzlaşdırmağa çalışan ilk filosoflardan biri hesab olunur.Bu baxımdan elm və inancı qarşı-qarşıya qoymaq düzgün deyil. Çünki elmin öz daxilində də müxtəlif fikir ayrılıqları, nəzəriyyələr və mübahisələr mövcuddur”. 

Onun sözlərinə görə, hər hansı nəzəriyyənin irəli sürülməsi onun mütləq həqiqət olması demək deyil: 

“İki filosofun və ya iki alimin eyni məsələyə fərqli yanaşması bütün fəlsəfənin və ya elmin yanlış olduğunu göstərmir. Dini baxımdan da insanların zaman-zaman xurafatlara, yanlış davranışlara yol verməsi və ya inancı fərdi rahatlıq vasitəsinə çevirməsi o demək deyil ki, inanc sistemləri məhz bu məqsədlə yaranıb. 

Elm inkişaf etdikcə elmi nəzəriyyələr yenilənir və təkmilləşdirilir. Vaxtilə doğru hesab edilən bir çox elmi yanaşmalar sonrakı dövrlərdə yeni sübutlar və texnologiyalar əsasında yenidən qiymətləndirilib. Bu isə əvvəlki alimlərin savadsız olduğunu göstərmir. 

Onlar öz dövrlərində mövcud olan bilik və imkanlar əsasında nəticəyə gəlirdilər. Sonrakı nəsil alimlər isə daha inkişaf etmiş texnologiyaların köməyi ilə həmin bilikləri genişləndirirdilər. İnanc sistemlərində də dövrlərə görə fərqlər mövcuddur. 

Məsələn, dini baxışlara görə, Adəm peyğəmbərin dövründə mövcud olan qaydalarla Hz. İsanın dövründəki qaydalar arasında fərqlər olub. Sonrakı dövrlərdə də müxtəlif dəyişikliklər və yenilənmələr baş verib. Hər bir inanc sahibi isə öz inancını və ondan əvvəlki inanclarla əlaqəsini izah etməyə çalışır. Bu məsələdə insanların seçim azadlığı əsas prinsipdir”. 

İlahiyyatçı qeyd edib ki, kainatın və yaradılışın başlanğıcı ilə bağlı elm bu günə qədər bütün suallara qəti cavab verə bilməyib: 

“Müxtəlif nəzəriyyələr və fərziyyələr mövcuddur, lakin ilkin səbəbin və ya ilkin ideyanın necə meydana çıxması məsələsi hələ də müzakirə mövzusudur. İnancın mahiyyəti sübutdan çox qəbul etməyə əsaslanır. Adından da göründüyü kimi, bu inancdır. Elmi yanaşma ilə dini inancı eyni meyarlarla qiymətləndirmək doğru deyil. 

İnanc sahibi müəyyən bir həqiqəti müqəddəs mətnə və ya peyğəmbərin sözünə əsasən qəbul edə bilər. Elm isə müşahidə, təcrübə və sübut tələb edir. Bu səbəbdən inancı elmin meyarları ilə tam şəkildə ölçməyə çalışmaq necə doğru deyilsə, elmi də inancın meyarları ilə qiymətləndirmək bir o qədər yanlışdır. 

Hər iki sahənin öz prinsipləri, sualları və cavablandırma üsulları var. İnanca riyazi düsturlarla sübut axtarmaq və ya elmi nəticələri dini meyarlarla qiymətləndirmək əksər hallarda düzgün nəticə vermir. Elm və inanc fərqli sahələrdir və onların hər birinə öz çərçivəsində yanaşmaq daha məqsədəuyğundur”. 

Gülər Həsənli 
“Cebheinfo.az”