IATA: Son on ildə Azərbaycanın aviamarşrutlarının yarıdan çoxu yenilənib

IATA: Son on ildə Azərbaycanın aviamarşrutlarının yarıdan çoxu yenilənib

2015–2025-ci illərdə Azərbaycanın müntəzəm aviareyslər şəbəkəsi 75 istiqamətdən 95 istiqamətə çataraq 27 % artıb.

"Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, hazırda Azərbaycanla müntəzəm aviareysləri 39 şirkət həyata keçirir (bu göstərici on il əvvəl 24 idi), uçuşlar isə ölkənin 5 hava limanı vasitəsilə yerinə yetirilir.

"Orta magistrallı istiqamətlər marşrut şəbəkəsinin 71 %-ni formalaşdırır, qısa magistrallı istiqamətlərin payına 19 %, çox qısa istiqamətlərə isə 6 % düşür. 2024-2025-ci illər ərzində marşrutların sayının 4 % azalmasına baxmayaraq, eyni vaxt ərzində 6 yeni istiqamət istifadəyə verilib və əvvəllər fəaliyyət göstərən 7 istiqamət bərpa edilib. Ümumilikdə hazırkı marşrutların 54 %-i 2015-ci ilin şəbəkəsindən fərqlənir, bu da Azərbaycanın hava bağlantısının mütərəqqi inkişafına işarə edir", - IATA-nın materiallarında qeyd olunub.

Assosiasiyanın hesabatından görünür ki, Mərkəzi Asiya qlobal aviasiya yükdaşımaları sistemi üçün qitələrarası körpü qismində getdikcə daha böyük əhəmiyyət kəsb edir. "2019-cu ildən etibarən regionda hava nəqliyyatı ilə yükdaşımaların həcmi iki dəfədən çox artıb, birbaşa tranzitin ümumi hava yükdaşımalarındakı payı isə 59 %-dən təxminən 65 %-ə yüksəlib", - IATA vurğulayıb.

Assosiasiyadan qeyd edilib ki, hava məkanından istifadəyə tətbiq olunan mövcud məhdudiyyətlər, bununla əlaqədar marşrut şəbəkələrinin yenidən qurulması yük axınlarının Mərkəzi Asiyanın yeni aralıq nəqliyyat dəhlizləri vasitəsilə yönləndirilməsinə şərait yaradır. Bu isə uzunmüddətli perspektivdə regionun hava limanlarının ekosistemini və logistika potensialını gücləndirir.

"Cebheinfo.az"