Hörmüzdə hərəkət normallaşır
İyunun 25-dən bəri Hörmüz boğazından ümumilikdə 124 yük gəmisi keçib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə CNN analitik şirkəti "Kpler"-in məlumatlarına istinadən xəbər yayıb.
Telekanalın məlumatına görə, bu göstərici İran, ABŞ və İsrail arasında müharibənin başlamasından əvvəl boğazdan hər gün keçən gəmilərin sayı ilə müqayisə oluna bilər.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hücumlar İranın paytaxtı Tehran da daxil olmaqla ən böyük şəhərlərini hədəf alıb. İranın elit hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini açıqlayaraq İsrailə zərbələr endirib.
Bununla yanaşı, ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücumlara məruz qalıb. İran hakimiyyəti isə ABŞ, İsrail və İslam Respublikasına qarşı hərbi əməliyyatları dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı verib.
Qeyd edək ki, dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin isə təxminən 20 faizi Hörmüz boğazından həyata keçirilir.
İyunun ortalarında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
İyunun 21–22-də isə ABŞ və İran nümayəndələri İsveçrənin Bürgenştok kurortunda Qətər və Pakistanın vasitəçiliyi ilə memorandumun icrası ilə bağlı danışıqlar aparıblar.
Pakistan və Qətərin birgə bəyanatında bildirilib ki, danışıqlar müsbət və konstruktiv atmosferdə keçib, tərəflər gələcək texniki məsləhətləşmələr üçün çərçivənin yaradılması da daxil olmaqla, ümidverici irəliləyiş əldə ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"


