100 il əvvəldən başlayan yol: “Türk dünyasında olmaq çox önəmlidir”

100 il əvvəldən başlayan yol: “Türk dünyasında olmaq çox önəmlidir”

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçirilir. 

Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir. 

İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. 

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb. Ölkə başçısının müraciətində qeyd edilir ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır: 

“Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır. 

İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaqdır".

Tədbirin iştirakçısı, türkoloq-alim Faiq Ələkbərli “Cebheinfo.az”-la söhbətində tədbirin türk xalqları üçün önəmindən danışıb: 

“100 il bundan öncə türk xalqlarının bir çoxu əsarət altında ikən, Sovet imperiyası bunu təşkil etmişdi. Məqsəd türk dilində və türk əlifbasında yeniliklər etmək idi. Hər halda Sovet imperiyası nə qədər imperiya maraqlarını irəli sürsə də, yenə də ozamankı Azərbaycan, Özbəkistan, Türkiyə və türk xalqlarının ziyalıları çalışırdılar ki, türk dilini saflaşdırsınlar. 

Əski əlifbadan yeni əlifbaya keçidi müsbət dəyərləndirirdilər. Əlbəttə, mənfi dəyərləndirənlər də var idi. Ancaq bu fikirdə olanların çoxu 1930-cu illərdə repressiya olundu. Ozamankı qurultay bu gün öz təsirini göstərir. 

Yəni 100 ildən sonra müstəqilliyini bərpa edən türk dövlətləri -  Azərbaycan, Qazaxıstan, Qığrızıstan, Özbəkistan, Türkiyə var. Artıq biz mütəqil dövlətlər olaraq öz dilimizi, mədəniyyətimizi, ədəbiyyatımızı inkişaf etdirmək istəyirik. 

Bu baxımdan, “Türk Həftəsi”nin həyata keçirilməsi, iştirakçılara cənab Prezident İlham Əliyevin bilavasitə bununla bağlı müraciəti yüksək dəyərləndirilməlidir”. 

O qeyd edib ki, türk xalqlarının həm əlifbasında, həm dilində, həm də mədəni və tarixi məsələlərdə birlik  çox önəmlidir:

“İnsanlarımız artıq- bir-birini daha yaxşı tanıyırlar. Əvvəllər rusun, ingilisin və ya digərlərinin nəzarəti altında bir-birimizi tanımağa çalışırdıq. Əslində isə onlar öz imperiya maraqlarını güdürdülər. Ancaq indi müstəqil dövlətlər olaraq mədəni, fəlsəfi, ədəbi, siyasi cəhətdən yaxınlaşırıq. 

Bu da Türk Dövlətləri Təşkilatı üçün mühüm addımdır. Eləcə də türk xalqlarının birliyi üçün çox vacibdir. İnsanlarımız bir-birini daha yaxından tanıyır, düşüncələrini paylaşır. Dünyada bir çox güclər var. Yeni formalaşan dünyada yeni güclərdən biri kimi türk dünyasında olmaq çox önəmlidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”