Yay özünü yaz kimi aparır: “Elmi baxımdan...”
Avropada son günlər hökm sürən anomal isti hava şəraiti ciddi fəsadlara yol açıb.
Bir sıra ölkələrdə temperatur rekord həddə yüksələrək insanların gündəlik həyatını çətinləşdirib, səhiyyə sistemləri üzərində əlavə yük yaradıb.
Ən ağır vəziyyətin yaşandığı ölkələrdən biri olan Fransada həddindən artıq istilər nəticəsində təxminən 1000 nəfərin həyatını itirdiyi bildirilir.
Dünyanın bir çox ölkəsində insanlar rekord temperaturla mübarizə apardığı halda, Azərbaycanda hava şəraiti nisbətən mülayim keçir. Bu fərqin səbəbləri isə maraq doğurur.
Bununla yanaşı, anomal istilərin səbəbləri ətrafında müxtəlif müzakirələr də aparılır. Bəzi insanlar rekord həddə çatan istiləri təkcə iqlim dəyişiklikləri ilə deyil, həm də dünyada davam edən müharibələr və hərbi əməliyyatlarla əlaqələndirirlər.
Dünyanın bir çox ölkəsində rekord istilər müşahidə olunduğu halda, Azərbaycanda havanın nisbətən mülayim keçməsinin səbəbi nədir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, bəzi ölkələrdə havanın isti keçməsi müəyyən amillərlə bağlıdır:

“Hazırda dünyanın bir çox ölkəsində müşahidə olunan rekord istilərin əsas səbəbi Afrikadan gələn tropik hava kütlələridir. Bu hava kütlələri materik üzərində geniş əraziləri əhatə edərək dayanıqlı yüksək təzyiq sahəsi – antisiklon yaradır. Antisiklon zamanı hava yuxarı qatlardan aşağıya doğru hərəkət edir.
Nəticədə buludların əmələ gəlməsi çətinləşir, yağıntılar azalır və Günəş şüaları yer səthini daha güclü qızdırır. Xüsusilə yay aylarında Günəş şüalarının düşmə bucağının yüksək olması temperaturun daha da artmasına səbəb olur.
Belə antisiklonlar bəzən uzunömürlü olur və 20 gündən bir aya qədər davam edə bilir. Bu müddətdə həm kəskin istilər, həm də quraqlıq müşahidə edilir”.
O qeyd edib ki, elmi baxımdan hazırda müşahidə olunan genişmiqyaslı istilik dalğalarının əsas səbəbi müharibələr deyil:
“Bu proseslər əsasən qlobal iqlim dəyişikliyi, atmosfer dövranında baş verən dəyişikliklər və uzunmüddətli yüksək təzyiq sahələrinin formalaşması ilə əlaqədardır.
Azərbaycanda havanın nisbətən mülayim keçməsi isə ölkə ərazisinin hazırda bu güclü tropik hava kütlələrinin birbaşa təsiri altında olmaması ilə bağlıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”


