Seyran Səxavət nazirə səsləndi: "Papağını qarşısına qoyub fikirləşsin"
Məşhur yazıçı, şair, dramaturq və tərcüməçi Seyran Səxavət sosial şəbəkə hesabında mədəniyyət yazarı Vasif Ayanın suallarını cavablandırarkən Azərbaycanda təhsilin vəziyyəti ilə bağlı narahatlığını ifadə edib.
"Cebheinfo.az" xəbər verir ki, yazıçı mövcud vəziyyəti "bəla" adlandıraraq, təhsil sahəsində ürəkaçan mənzərə görmədiyini deyib.
“Bu bəladır. Burada ürəkaçan heç nə yoxdur. Mən çox danışıb baş ağrıtmaq və ya vaxt almaq istəmirəm. Vəziyyət son dərəcə gərgin və xoşagəlməzdir. Təsəvvür edin ki, bu il Azərbaycanda ali məktəblərdən 12 min 500 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün qovulub. Bunun axırı hara gedir? Bu millət hara gedir?
Bəlkə kimsə bu millətin gedəcəyi o ünvanı bilir, amma mən bilmirəm. Bu yolun bircə ünvanı var - fəlakət, vəssalam. Ona görə də xahiş edirəm, lap aşağı vəzifəlidən yuxarıya qədər bütün cavabdehlər papaqlarını qoysunlar qarşılarına fikirləşsinlər ki, nə etmək olar.
Fikirləşsinlər ki, nə etmək, millətə necə kömək etmək və onu bu bəladan necə qurtarmaq olar. Mən cavabdehlərdən cavab gözləyirəm”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

