Nazirin sözləri narahatlıq yaradıb: 110 min müəllimin aqibəti NECƏ OLACAQ?
“Mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.
Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar”. Bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir növbəti mərhələlər barədə açıqlama verib:
“Uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Uğursuz nəticəsi olanlar isə köməkçi müəllimlər olacaq, yaxud əmək müqaviləsinə xitam veriləcək”. Qeyd edək ki, 2025-2026-cı tədris ilində müəllim heyətinin sayı 130 mindən çox olub.
Bir müddət öncə də Azərbaycanda müəllimlərin digər peşə sahibləri kimi məktəbdə 8 saatlıq tam iş rejimi ilə çalışması təklifi geniş müzakirə olundu. Onların yalnız 20 min nəfəri tamştatlı olarsa, digərləri necə fəaliyyət göstərəcəklər?
Tamştat olmayan müəllimlərin peşəyə marağı azalmayacaqmı?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, son vaxtlar, ümumiyyətlə, bu məsələ çox ciddi müzakirə obyektidir:
“Nəzərə alaq ki, bu məsələ hələ tam təsdiqini tapmayıb, qərar verilməyib. Təlimat olmadığına görə, bu barədə danışmaq bir qədər tezdir. Ancaq nazirin müəyyən mesajları oldu və bildirdi ki, 20 min müəllim tamştatlı olacaq və həmin müəllimlər sertifikasiyada yüksək nəticə göstərənlərdir.
Həm də vurğuladı ki, onlar uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və əməkhaqqına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Onlar məktəbdə həm valideynlər, həm şagirdlərlə işi daha yaxşı qura biləcəklər”.
Ekspert bildirib ki, həmin 20 min müəllim həm seçilmiş şəxs olacaq, həm də bu təcrübə özünü doğruldacaqsa, növbəti illərdə sertifikasiyada yaxşı nəticə göstərmiş müəllimlər də tədricən bu işə cəlb olunacaqlar:
“Ancaq bu əvvəl də belə idi ki, sertifikasiyada yaxşı nəticə göstərməyən, 30 baldan aşağı nəticə göstərən müəllimlər ikinci cəhddə də uğursuz nəticə göstərsələr, təhsil sistemindən kənarlaşdırılırlar. Bu, həmin şəxslərin müəllimliyinin əlindən alınması anlamına gəlmir.
Yəni həmin şəxslər artıq növbəti müəllimlərin işə qəbulu (MİQ) imtahanına hazırlaşıb, imtahan verib, əgər müəllim olmaq həvəsindədirsə, yenidən işə bərpa oluna bilər. Ümumilikdə hələ ki, yeni bir təlimat, qərara yoxdur. Gözləyək, görək yekun nəticə, təkliflər, iş qrafiki necə olacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

