Müəllimə ən çox maaş verən ölkələr: Azərbaycanda min manat, onlarda isə...- SİYAHI
Dünyanın əksər ölkələrində müəllim əməyinin dəyəri təhsil siyasətinin əsas göstəricilərindən biri hesab edilir.
Müəllimlərin əməkhaqqısı həm peşənin nüfuzuna, həm də təhsil sisteminin keyfiyyətinə təsir göstərən amillər sırasında göstərilir. Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, hazırda Azərbaycanda müəllim heyətinin orta aylıq əməkhaqqı 1 030 manat təşkil edir.
“Cebheinfo.az”-ın araşdırmalarına əsasən, inkişaf etmiş ölkələrdə müəllim peşəsinin nüfuzu ilə əməkhaqqı səviyyəsi arasında sıx əlaqə mövcuddur. Bir çox dövlətlər təhsilin keyfiyyətinin ilk növbədə müəllimin peşəkarlığından və sosial təminatından asılı olduğunu nəzərə alaraq bu sahəyə ciddi maliyyə resursları ayırırlar.
Məsələn, Almaniyada müəllimlərin orta aylıq əməkhaqqı təxminən 6 900 avro təşkil edir ki, bu da təxminən 13 800 Azərbaycan manatına bərabərdir. Almaniya Avropada müəllimlərin ən yüksək maaş aldığı ölkələrdən biri hesab olunur. ABŞ-də müəllimlərin orta aylıq maaşı təxminən 6 350 ABŞ dollar, yəni 10 800 Azərbaycan manatıdır.
Ölkənin bəzi ştatlarında bu göstərici daha yüksəkdir və təcrübəli müəllimlərin aylıq gəliri 12-15 min manata qədər yüksələ bilir. Finlandiyada müəllimlərin orta aylıq əməkhaqqı 4 000 avro, yəni təxminən 8 000 Azərbaycan manatıdır.
Dünyanın ən uğurlu təhsil sistemlərindən birinə malik olan Finlandiyada müəllim olmaq üçün yüksək akademik göstəricilər tələb olunur. Böyük Britaniyada müəllimlər ayda orta hesabla 3 750 funt sterlinq, yəni təxminən 8 600 Azərbaycan manatı əməkhaqqı alırlar.
Təcrübə və vəzifədən asılı olaraq bu məbləğ daha da arta bilir. Fransada müəllimlərin orta aylıq maaşı təxminən 3 000 avro, yəni 6 000 Azərbaycan manatıdır. Son illərdə ölkədə müəllim maaşlarının artırılması istiqamətində bir sıra islahatlar həyata keçirilib.
İspaniyada müəllimlər orta hesabla ayda 3 200 avro qazanırlar ki, bu da təxminən 6 400 Azərbaycan manatına bərabərdir. İtaliyada müəllimlərin aylıq əməkhaqqı orta hesabla 2 800 avro, yəni təxminən 5 600 Azərbaycan manatıdır.
Yaponiyada müəllimlərin orta aylıq maaşı təxminən 450 min yen təşkil edir. Bu məbləğ təxminən 5 200 Azərbaycan manatına bərabərdir. Yaponiyada müəllimlərə yüksək sosial təminat və əlavə güzəştlər təqdim olunur. Türkiyədə dövlət məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı təxminən 62 500 türk lirəsi qazanır.
Bu rəqəm 2 700 Azərbaycan manatı təşkil edir. Bu göstərici staj, vəzifə və müxtəlif əlavələrdən asılı olaraq dəyişə bilir. Ümumilikdə, inkişaf etmiş ölkələrdə müəllimlərin aylıq gəliri əsasən 5 000–14 000 manat aralığında dəyişir.
Beynəlxalq təcrübə göstərir ki, müəllimlərin əməkhaqqına qoyulan investisiya təhsilin keyfiyyətinin yüksəlməsinə, peşənin cəlbediciliyinin artmasına və insan kapitalının inkişafına mühüm təsir göstərir.
Gülər Həsənli
“Cebheinfo.az”

