Bir tərəfdə Rusiya, o biri tərəfdə İran: Öncə hansı məğlub olacaq?
“Qətərin paytaxtı Dohada ABŞ və İran nümayəndə heyətləri arasında keçirilməsi nəzərdə tutulan görüş birbaşa deyil, vasitəçilərin iştirakı ilə baş tutacaq. Görüşdə Hörmüz boğazı və İranın nüvə proqramı ətrafında müzakirələrin aparılacağı gözlənilir”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında ABŞ və İran nümayəndə heyətləri arasında Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan görüş barədə danışarkən Milli Cəbhə Partiyasının başqan müşaviri, politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ABŞ-də İran məsələsinə münasibətdə Tramp komandasının daxilində yekdil rəyin olmaması nəzərə alınarsa, görüşdə münasibətlərdəki qarşıdurmanı doğurmuş problemlərin həlli istiqamətində tərəflərin razılığa gələcəkləri istisna olunur:
“Trampın görüşə özünün Yaxın Şərq üzrə köməkçisi Stiven Uitkofu göndərməsi onun İranla münasibətlərdə gərginliyin saxlanılmasının tərəfdarı olmadığı təəssüratını doğurur.
Məsələ burasındadır ki, İranla münasibətləri İsrailin regionla bağlı təhlükəsizlik və geosiyasi maraqları zəminində qurmağın tərəfdarı olan ABŞ xarici işlər naziri Rubionun başçılıq etdiyi qrup "hər şeydən öncə İsraildir" mövqeyindən yanaşmaqla problemin həllinə çalışır və Vensin başçılıq etdiyi qrupdan öz radikallığı ilə seçilir.
Vitse-prezident Vens "hər şeydən öncə Amerikadır" mövqeyindən çıxış edir və kompromisə, qarşılıqlı güzəştlərə üstünlük verir”.
Politoloq əlavə edib ki, digər maraqlı məqam hər iki namizədin 2028-ci ildə ABŞ-də baş tutacaq prezident seçkilərində iştirak etməyi planlaşdırmasıdır:
“İranla münasibətlərin real perspektivləri tərəflərin irəli sürdüyü təkliflər ətrafında əldə edilə biləcək uğurlardan əhəmiyyətli şəkildə asılıdır. Bu layihələr İranla münasibətlərin perspektivinə tam mənada aydınlıq gətirmədiyindən, Tramp özünü bu qrupların heç biri ilə bağlamaq istəmir.
Sığortalanmaq məqsədilə Uitkofu danışıqlara göndərir və bununla da göstərir ki, Avropadakı müttəfiqləri ilə İran probleminin həllinə dair baxışlarını bölüşmür. Rusiya ilə danışıqların aparılmasını da Tramp məhz Uitkofa həvalə etmişdi”.
Elşən Manafov qeyd edib ki, Hörmüz boğazı ətrafındakı vəziyyət daha çox Avropanı qayğılandırdığından, Tramp İranla münasibətlərdəki problemlərin ağırlığını Aİ-nin üzərinə yükləmək, onun geosiyasi qayğılarını artırmaq istəyir:
“Bu isə Avropanın daha fəal şəkildə Ukrayna-Rusiya cəbhəsindəki olaylara təsir imkanlarını məhdudlaşdırmaqla dolayısı yolla Rusiyanın xeyrinə işləyəcək faktordur.
Görünür, Aİ-nin Qrenlandiya və Kanada ilə bağlı məsələlərdə Trampı dəstəkləməməsi, Putinin isə əksinə, Arktikada əməkdaşlıqla bağlı təklifləri, özünün biznes imperiyasının nüfuz dairəsinin genişlənməsində maraqlı olan Trampı daha çox düşündürür və məmnun edir.
Tramp öz hərəkətləri ilə dəfələrlə göstərib ki, suda boğulanın qurtuluşu boğulanın öz problemidir. Bu kontekstdə Trampın Dohaya danışıqlar üçün Uitkofu göndərməsi onun suların durulması üçün vaxt qazanmaq mövqeyindən irəli gəlir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

