İcra başçıları kabinetdən çıxır: Niyə hamısı yox?
Son zamanlar bəzi icra hakimiyyəti başçılarının səyyar qəbullardan əlavə kəndlərə gedərək sakinlərlə görüşdüyünə dair məlumatlar yayılır.
Bu görüşlərin səmimi atmosferdə keçdiyi bildirilən məlumatlarda icra başçılarının əhalinin vəziyyəti, problemləri ilə maraqlanması, müvafiq tapşırıqlar verdiyi əks olunur.
Məsələn, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Göygöl şəhərindəki çay evlərindən birində sakinlərlə görüşərək onlarlasöhbət edib, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb. Bugünlərdə daha bir rayonun- Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da rayonun bir neçə kənd və qəsəbələsində yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlərlə yerində tanış olub, həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat alıb.
Qeyd edək ki, Azərbaycanda 66 rayon, 11 respublika tabeli şəhər, 14 şəhər rayonu, 262 qəsəbə, 1724 kənd ərazi dairəsi və 4246 kənd var. Ərazisinə görə ən böyük rayon Kəlbəcər, ən kiçik rayon isə Sədərək rayonudur. Şəhər və rayonlarda icra hakimiyyəti başçıları rəsmi qaydada sakinlər üçün qəbul keçirir, bu barədə əvvəlcədən məlumat verilir, sakinlərin problemlərini dinləyirlər.
Ancaq qeyri-rəsmi şəkildə sakinlərlə görüşüb, söhbət etmək, onların problemləri ilə maraqlanmaq fərqli atmosfer yaradır. Bunu reallaşdıran icra hakimiyyəti başçılarının sayı o qədər də çox deyil. Məhz bu amilə dayanaraq belə fikirlər səsləndirilir ki, Azərbaycanda yerli icra hakimiyyəti institutunu onun funksiyalarını gücləndirən və birbaşa idarəetməni təmin edən qurumlar əvəz etməlidir.
Ölkəmizdə böyük şəhər bələdiyyələrinin yaradılması təklifi yeni deyil və zaman-zaman cəmiyyətdə müzakirə olunur. Bundan başqa, icra hakimiyyətlərinin xüsusi nümayəndəliklərlə əvəz edilməsi ehtimalı da müzakirə olunur. Belə müzakirələr fonunda icra hakimiyyəti başçılarının görüşlərinə dair xəbərlər xüsusilə sosial şəbəkələrdə birmənalı qarşılanmır. Bəzi sosial şəbəkə istifadəçiləri bunu real iş yox, görüntü xarakteri daşıdığını bildirir. Ayrı-ayrı icra başçılarınln isə ümumiyyətlə, kabinetdən çıxmaması da sərt tənqid olunur.
Maraqlıdır, niyə bu gün əksər icra hakimiyyəti başçıları sakinlər arasında olmağa, onların problemləri ilə maraqlanmağa önəm vermirlər?
Məsələ ilə bağlı REAL Partiyasının sədri Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, icra hakimiyyəti institutu yavaş-yavaş Azərbaycanın gündəmindən çıxmalıdır:

“Konstitusion orqan kimi ləğv edilməli və yerini seçilmiş bələdiyyələr almalıdır. Əgər onların yerini seçilmiş bələdiyyə alacaqsa, bu sual da ortadan qalxacaq. Seçilmiş bələdiyyənin borcu olacaq ki, hər gün vətəndaşla görüşsün. Çünki növbəti dəfə də ondan səs istəyəcək, yəni ondan asılıdır. Ona görə də sistem dəyişikliyi baş versə, bu kimi görüşlər təəccüblə qarşılanmayacaq. Vətəndaşlarla gündəlik təmas işçi qaydada davam edəcək. Ancaq hələ ki, icra hakimiyyəti institutu qalıb. Təbii ki, icra hakimiyyəti başçılarının vətəndaşlarla birbaşa təmas qurması, problemlərini öyrənməyə cəhdi, onlarla hər hansı bir formada müzakirələrin aparılması istər kamera qarşısında olsun, istər sadəcə işçi qaydada, özlüyündə müsbət haldır".
Partiya sədrinin sözlərinə görə, qaldırılmış problemlər öz həllini tapsa, daha yaxşı təşəbbüs ola bilər:
"Yəni bu, piar obyekti yox, real problemlərin yerindəcə həllinə yönəlmiş görüşlər olsa, heç də pis təklif deyil. Ancaq bu piar hansısa görüntü üçündürsə, heç bir effekt verməyəcəksə, bu görüşlərin olub-olmamasının heç bir əhəmiyyəti qalmır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


