Trampın Azərbaycana səfir göndərmək istədiyi şəxs multimilyoner çıxdı
Donald Trampın ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürdüyü Aleksandr Aldenlə bağlı maraqlı məlumatlar yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, onun “Palantir” şirkətindəki səhmlərini satmağa hazırlaşdığı deyilir. Bu barədə sənədlər “Notus.org” tərəfindən yayılıb. Alden şirkətdə 25 milyon dollar dəyərində səhmlərinə sahibdir.
O, 2021-ci ildən bəri “Palantir” şirkətində baş məsləhətçi vəzifəsində çalışır. Bildirİlir ki, Alden səfir vəzifəsinə təsdiqlənərsə, 90 gün ərzində səhmlərini satacaq. O, həmçinin “Palantir” şirkətindəki vəzifəsindən istefa verəcək.
Əvvəllər “Palantir” şirkətində işləyərkən dövlət katibi Marko Rubionun məsləhətçisi kimi tanınan Alden mətbuatın suallarına cavab verməyib. Dövlət Departamentinin sözçüsü NOTUS-a elektron poçt vasitəsilə bu cavabı göndərib:
"Təsdiqlənərsə, Aleksandr Alden etik davranışa dair müqavilənin bütün şərtlərinə tam əməl edəcək".
Məlumatlara görə, əvvəlcə D.Tramp Aldeni Avropadakı ən yüksək vəzifəli ABŞ diplomatı vəzifəsinə namizəd kimi irəli sürmək istəyib. Ancaq “Politico”-nun yazdığına görə, Aldenin işdə uyğunsuz davranış sərgiləməsiylə bağlı iddialar yaıylıb. Bundan sonra Tramp namizədini geri çəkib.
Onun səhmlərini aldığı “Palantir” şirkəti də Tramp administrasiyasına yaxınlığı ilə seçilir. Bu şirkət Trampın prezidentliyi dönəmində əsas hökumət podratçısı kimi tanınıb. Bir il ərzində 1 milyard dollar dəyərində müqavilələr imzalayıb.
Bundan əlavə, “Palantir” İranla müharibədə ABŞ ordusunun hədəfləri seçmək üçün istifadə etdiyi “Maven Smart Systems” adlı süni intellektlə işləyən hərbi hədəfləmə platformasının yaradıcısıdır.
Aleksandr Alden həm də beynəlxalq təhlükəsizlik üzrə ekspertdir. O, italyan, serb, xorvat dillərində danışır. Aleksandr Alden ABŞ-nin müdafiə və diplomatik qurumlarında, o cümlədən Donald Trampın birinci administrasiyası dövründə əsas analitik və rəhbər vəzifələrdə geniş təcrübəyə malikdir.
O, Pentaqonda Müdafiə Katibi Ofisində Siyasət üzrə Xüsusi Köməkçi vəzifəsində çalışıb.ABŞ Milli Təhlükəsizlik Şurasında (MTŞ) Müdafiə Siyasəti və Strategiyası Direktoru, daha sonra isə İnkişaf Etməkdə Olan Texnologiyalar üzrə Baş Direktor vəzifələrini tutub.
ABŞ Dövlət Departamentində Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət Katibinin Köməkçisinin müavini vəzifəsində çalışıb. Bu vəzifədə o, ABŞ-AB münasibətlərinin gücləndirilməsi və Çinin regional təsirinə qarşı mübarizədən məsul kadr olub.
2020-ci ilin sonlarından etibarən o, Münaqişə və Sabitləşdirmə Əməliyyatları Bürosunda Dövlət Katibinin Köməkçisi vəzifəsini icra edib.
Xəzər
“Cebheinfo.az”

