Saxta iş elanları: Qurbana çevrilməyin

Saxta iş elanları: Qurbana çevrilməyin

Son illərdə iş axtaran insanların müraciət etdiyi “Tap.az”, “Lalafo”, və.s bu kimi elan və vakansiya platformalarında müxtəlif iş təklifləri paylaşılır.

Lakin bu platformalarda yayılan hər elan real iş imkanı olmaya bilər. Xüsusilə yüksək maaş, təcrübə tələb olunmaması, qısa zamanda böyük qazanc vədləri ilə təqdim olunan bəzi vakansiyalar fırıldaqçıların istifadə etdiyi üsullardan birinə çevrilib.

Belə elanlarda məqsəd bəzən insanları işə götürmək deyil, onların şəxsi məlumatlarını əldə etmək, kart məlumatlarına çıxış qazanmaq və ya müxtəlif bəhanələrlə ödəniş tələb etmək olur.

Fırıldaqçılar tanınmış elan saytlarının imkanlarından istifadə edərək real şirkət görüntüsü yaradır, namizədlərlə mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlayır və etibar yaratmağa çalışırlar.

Adətən sxem belə qurulur: əvvəlcə yüksək maaşlı və cəlbedici iş elanı yerləşdirilir, daha sonra namizəddən “qeydiyyat haqqı”, “sənədləşmə ödənişi”, “təlim pulu” və ya başqa adlarla pul tələb olunur.

Bəzi hallarda isə bank kartı məlumatları, şəxsiyyət məlumatları və ya SMS təsdiq kodları istənilir.

Bəs belə elanlara aldanmamaq üçün nə etmək lazımdır?

İT mütəxəssisi Əmrah Mövsümzadə “Cebheinfo.az”-a bildirib ki, son dövrlər onlayn elan platformalarında, xüsusilə də iş elanlarının paylaşıldığı saytlarda saxta vakansiyaların sayı nəzərəçarpacaq dərəcədə artıb:

“Kibercinayətkarlar insanların iş axtarmaq istəyindən istifadə edərək onları müxtəlif üsullarla aldatmağa çalışırlar. Fırıldaqçılar adətən bazar qiymətindən xeyli yüksək maaş, təcrübə tələb olunmaması, evdən işləmək və ya çox sadə şərtlərlə iş təklif edirlər.

Əlaqə saxlayan şəxslərdən qeydiyyat haqqı, işə qəbul depoziti və sığorta ödənişi adı altında pullar tələb olunur. Bəzən isə namizədlər saxta internet səhifələrinə yönləndirilərək bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin şəkli, FİN kodu və digər şəxsi məlumatları ələ keçirilir.

Bu sxemlərin əsas məqsədi vətəndaşların pul vəsaitlərini mənimsəmək, bank hesablarını ələ keçirmək, şəxsiyyət məlumatlarını oğurlamaq və sonradan həmin məlumatlardan digər kibercinayətlərin törədilməsində istifadə etməkdir.

İlk növbədə təklif olunan maaşın bazar reallığına uyğun olub-olmamasına mütləq diqqət edilməlidir. İşəgötürən şirkətin rəsmi internet səhifəsi, sosial media hesabları və hüquqi qeydiyyatı yoxlanılmalıdır.

Əgər ünsiyyət yalnız messencer vasitəsilə aparılır, korporativ elektron poçt ünvanı təqdim edilmir və ya tələsik qərar verilməsinə məcbur edilirsə, bu da risk əlamətlərindən hesab oluna bilər.

Heç bir etibarlı şirkət işə qəbul üçün əvvəlcədən ödəniş tələb etmir. Bundan əlavə, göndərilən linklərin ünvanı diqqətlə yoxlanılmalı, naməlum fayllar cihazlara yüklənməməli və təsdiqlənməmiş mənbələrdən şəxsi məlumatlar paylaşılmamalıdır.

Kart məlumatlarının, ödənişin və şəxsi məlumatların təqdim olunması halında yaranan risklərdən danışsaq, bank kartının nömrəsi, CVV kodu, ((Card Verification Value) — onlayn alış-verişlərdə təhlükəsizliyi təmin etmək məqsədilə kredit və ya debet kartlarının üzərində yerləşdirilən 3 və ya 4 rəqəmli xüsusi təhlükəsizlik kodudur) birdəfəlik təsdiq (OTP) kodları, internet bankçılıq məlumatları və ya şəxsiyyət sənədlərinin surətinin paylaşılması ciddi maliyyə və informasiya təhlükəsizliyi riskləri yaradır.

Bu məlumatlardan istifadə etməklə bank hesablarından qanunsuz vəsait çıxarıla, kredit və ya digər maliyyə əməliyyatları həyata keçirilə, həmçinin vətəndaşın adına saxta əməliyyatlar aparıla bilər”.

Mütəxəssis tövsiyə edir ki, vətəndaşlar internetdə rast gəldikləri hər iş elanına etibar etməsinlər, məlumatları bir neçə mənbədən yoxlasınlar və heç bir halda işə qəbul adı ilə pul köçürməsinlər və ya bank kartı məlumatlarını paylaşmasınlar:

“Şübhəli hallarla qarşılaşdıqda isə dərhal elan platformasına məlumat verməli və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. 

Rəqəmsal savadlılıq və diqqətli davranış bu cür fırıldaqçılıq sistemlərindən qorunmaq üçün ən effektiv yollardan biridir”.

Aişə Abdulova
“Cebheinfo.az”