Dostunu istefaya göndərdi

Dostunu istefaya göndərdi

ABŞ və İsrailə yaxınlığı ilə tanınan Argentina Prezidenti Xavier Mileinin yaxın dostu və Nazirlər Kabinetinin rəhbəri Manuel Adorni ötən şənbə günü onun barəsində irəli sürülən korrupsiya ittihamlarından sonra istefa verib.

"Cebheinfo.az" xəbər verir ki, hökumətin əsas vədlərindən biri olan “korrupsiyaya qarşı mübarizə” siyasəti son qalmaqallardan sonra ciddi şəkildə zərbə alıb. Argentina mediası Adornini qanunsuz varlanma, prezident təyyarəsindən şəxsi səfərlər üçün istifadə və dəbdəbəli xərclərdə ittiham edib.

Müzakirələr martın 9-da Adorninin həyat yoldaşı ilə birlikdə Mileinin Nyu-York səfərlərindən biri zamanı Kvinsdə yerləşən qəbiristanlıqda çəkilmiş fotosunun yayılmasından sonra başlayıb. Adorninin daha əvvəl hökumətin siyasi imtiyazlara son qoyacağı ilə bağlı vədlərinə baxmayaraq, bu səfəri həyata keçirməsi böyük rezonans doğurub.

Bundan sonra Adorninin digər qanunsuzluqları da üzə çıxmağa başlayıb. Onun Punta-del-Esteyə şəxsi təyyarə ilə səfərləri, Arubada təxminən 15 min dollara başa gələn ailə tətili, həyat yoldaşının dostları ilə Avropa və İquasu şəlalələrinə etdiyi səfərlər, həmçinin vaxtında bəyan edilməmiş 500 min dollarlıq əmlakı gündəmə gəlib.

Bundan əlavə, Adorninin 245 min dollara aldığı ev və həmin evdə şəlaləli, isitmə sistemi ilə təchiz olunmuş hovuz da daxil olmaqla bahalı təmir işləri də araşdırmalarda ortaya çıxıb.

İstintaq çərçivəsində qanunsuz varlanma və çirkli pulların yuyulması ittihamları ilə Adorninin deputat qardaşı Fransisko Adorni də araşdırmaya cəlb olunub.

Prezident Milei isə bütün qalmaqallara baxmayaraq, “Manuel günahsızdır. Sonadək nazirlərimin yanındayam”, - deyə bildirib.

Nigar Hacılı 
"Cebheinfo.az"