Könüllü qan donorları hansı hüquqlara malikdir?

Könüllü qan donorları hansı hüquqlara malikdir?

Hər gün yüzlərlə insan heç bir qarşılıq gözləmədən qan verərək ağır xəstələrin, qəza qurbanlarının və təcili əməliyyata ehtiyacı olan şəxslərin yaşamaq şansını artırır.

Cəmiyyətdə donorluğun əhəmiyyəti geniş şəkildə vurğulansa da, qan verən şəxslərin hüquqları, onlara təqdim olunan təminatlar və qanunvericiliklə nəzərdə tutulan güzəştlər barədə məlumatlar hər kəsə eyni dərəcədə məlum deyil.

Bu səbəbdən də bir çox insan qan donorlarının hansı hüquqlara malik olduğunu və onlar üçün hansı təminatların nəzərdə tutulduğunu dəqiq bilmir.

Könüllü qan donorları hansı hüquqlara malikdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a Səhiyyə Nazirliyi Respublika Qan Bankından bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, könüllü qan donorlarının bir sıra hüquqları var. 

Könüllü qan donorlarının hüquqları “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Əsas hüquqlar aşağıdakılardır:

 - Könüllülük hüququ (Qan və ya qankomponentlərinin verilməsi yalnız şəxsin sərbəst iradəsi əsasında həyata keçirilir. Heç kəs qan donoruna çevrilməyə məcbur edilə bilməz);

- Pulsuz tibbi müayinə hüququ (Donor qanvermədən əvvəl tibbi müayinədən keçirilir. Müayinə və laborator analizlər dövlət tərəfindən ödənişsiz aparılır);

- Sağlamlıq vəziyyəti barədə məlumat almaq hüququ (Donor öz sağlamlıq vəziyyəti, analizlərin nəticələri və qanverməyə əks göstərişlərin olub-olmaması barədə məlumat almaq hüququna malikdir);

- Təhlükəsiz və keyfiyyətli tibbi xidmət hüququ (Qanın götürülməsi yalnız müvafiq tibbi standartlara uyğun şəraitdə həyata keçirilməlidir. Donorun sağlamlığının qorunması qan xidmətinin əsas prinsiplərindən biridir);

- Şəxsi məlumatların məxfiliyi hüququ (Donorun şəxsiyyəti, tibbi məlumatları və analiz nəticələri qanunla qorunur və məxfi saxlanılır);

- İstirahət hüququ (Əmək münasibətlərində olan şəxslər hər dəfə qan və ya qan komponentlərini əvəzsiz verdikdə, orta əməkhaqqı saxlanılmaqla əlavə istirahət günü əldə edirlər. 

Həmin gün donorun istəyi ilə illik məzuniyyətə əlavə edilə və ya il ərzində başqa vaxt istifadə oluna bilər);

- Donorluqdan imtina etmək hüququ (Şəxs istənilən mərhələdə qan verməkdən imtina edə bilər və buna görə hər hansı məsuliyyət daşımır).

Gülər Həsənli
“Cebheinfo.az”