Sərnişin təyyarəsi dronla toqquşdu
ABŞ-də Con Kennedi adına Beynəlxalq Hava Limanı yaxınlığında enişə hazırlaşan “JetBlue Airways”-ə məxsus sərnişin təyyarəsi havada dronla toqquşub.
"Cebheinfo.az" xəbər verir ki, Las-Veqasdan Nyu-Yorka uçan təyyarənin pilotu eniş zamanı hava hərəkətinə nəzarət dispetçerlərinə kokpitin üzərinə pilotsuz uçuş aparatının dəydiyini bildirib.
Federal Hava Administrasiyası tərəfindən yayılan açıqlamaya görə, hadisə bazar ertəsi yerli vaxtla saat 07:15 radələrində baş verib.
“Airbus A321” tipli təyyarə təxminən 3 min fut yüksəklikdə son eniş trayektoriyasında olarkən dronun təyyarəyə çırpıldığı qeyd olunub.
Pilotun məlumatından sonra təyyarə hava limanına təhlükəsiz şəkildə eniş edib. Enişdən sonra aparılan texniki baxış zamanı təyyarədə hər hansı zədə və ya toqquşma izi aşkarlanmayıb.
Federal Aviasiya Administrasiyası hava limanları yaxınlığında dron istifadəsinin təhlükəsizlik səbəbilə qadağan olunduğunu xatırladaraq hadisə ilə bağlı araşdırmaya başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


