Fransa Aİ-ə çağırış edib

Fransa Aİ-ə çağırış edib

Fransa Avropa İttifaqının xarici siyasət mexanizminin gücləndirilməsini istəyir. 

“Cebheinfo.az” “Politico” nəşrinə istinadən xəbər verir ki, Paris Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) daha təsirli quruma çevrilməsini dəstəkləyən ölkələr sırasındadır.

Məlumata görə, bəzi Aİ rəsmiləri daha əvvəl AXFX-nin ləğv olunması və ya strukturunun dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirsələr də, Fransa bu qurumun saxlanılması və səlahiyyətlərinin artırılması tərəfdarıdır.

Fransalı rəsmi bildirib ki, Parisin mövqeyi dəyişməyib və ölkə Avropa diplomatik xidmətinin gücləndirilməsini vacib hesab edir. 

Fransa həmçinin Avropa Xarici Fəaliyyət Xidmətinin imkanlarının genişləndirilməsini və qurumun beynəlxalq məsələlərdə daha fəal rol almasını istəyir.

Paris bu istiqamətdə artıq sənəd hazırlayır. Həmin sənəddə qeyd olunur ki, Avropa diplomatik xidmətinin mövcud imkanlarından tam və effektiv istifadə olunmur.

Fransanın bu təşəbbüsü 2027-ci ildə keçiriləcək milli seçkilərdən əvvəl gündəmə gətirilir. 

Məqsəd Aİ-nin qlobal siyasətdə daha vahid və güclü mövqe nümayiş etdirməsinə nail olmaqdır.Bundan əvvəl “Financial Times” Aİ-nin xarici siyasət strukturunda mümkün dəyişikliklərlə bağlı bir neçə model təqdim etmişdi.

Məhz təqdim edilmiş modellərdən birinə görə, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas daha geniş səlahiyyətlər əldə edə və xarici siyasət, ticarət və inkişaf istiqamətlərinə nəzarət edən daha güclü vəzifəyə gətirilə bilər.

Qeyd edək ki, bu dəyişikliklər reallaşarsa, Avropa İttifaqının beynəlxalq arenada qərarvermə mexanizmi daha mərkəzləşdirilmiş və təsirli hala gələ bilər.

Aişə Abdulova
“Cebheinfo.az”