80 illik yüksələn həyatın yaddaqalan günləri və fotolardan boylanan anları
Həmyerlimiz, Tərəqqi medallı Əməkdar mühəndis, Ölkə Prezidentinin fərdi təqaüdçüsü Abdulrəhim Mövlud oğlu Hacıyev 1946-cı ilin 2 iyulunda Quba rayonu Alpan kəndində müəllim ailəsində döğulmuşdur.
Kəndimizdə hamının İbrahim müəllim kimi tanıdığı Abdulrəhimin atası Mövlud Hacıyev 50 ildən çox Alpan kənd orta məktəbində ibtidai sinif müəllimi işləmişdir.
Abdulrəhim 10 illik orta təhsilini 1952-62-ci illərdə Alpan kənd orta məktbində almış, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya şöbəsinə qəbul olunmuşdur. 1967-ci ildə İnstitutu yüksək qiymətlərlə başa vuran A.Hacıyev Respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin aparatında işə götürülür. Bundan sonra o, həm də 2 illik Bakı Ali Partiya məktəbini, Kiyevdə rəhbər işçilərin ixtisasartırma kursunu və Moskvada Həmkarlar təşkilatı sədrlərinin təkmilləşdirmə kursunu bitirmişdir.
Abdulrəhim Hacıyev 50 illik əmək fəaliyyəti dövründə, Meliorasiya və Su Təsərrüfatı Nazirliyində, sonralar adı dəyişdirilən Komitəsində, Agentliyində və Səhmdar Cəmiyyətində sıravi mühəndislikdən İdarə rəisliyinədək müxtəlif vəzifələrdə çalışmış, bütün ölkə ərazisini əhatə edən bu sistemin kollektivi arasında böyük nüfuz və hörmət sahibi olmuşdur. O, həmçinin bu idarənin Nazirlik və Komitə adlanan zamanında Nəzarət qrupunun, Həmkarlar ittifaqının sədri kimi ictimai işlərdə də fəallıq göstərmişdir.
A.Hacıyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, Gürcüstan Respublkası arasında Dövlət səhəddinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Araz və Samur çaylarının su ehtiyatlarının birgə və səmərəli istifadəsi üzrə Dövlətimizlə İran İslam Respublikası və Rusiya Federasiyası arasında qurulmuş Birgə Komissiyaların üzvü olmuş və iclaslarında ölkəmizin mənafeyini müdafiə etmişdir.
O, müxtəlif illərdə Moskva, Daşkənd, Krasnodar, Ankara, İstambul, Varşava, Tehran, Təbriz, Ərdəbil, Bişkek və b. şəhərlərdə keçirilən Meliorasiya və Su təsarrüfatının problemlərinə aid Beynəlxalq Konfransların iştirakçısı və müzakirələr zamanı çıxışçısı olmuşdur. A.Hacıyev bu yöndə Respublikamızın dövri mətbuatında və televiziyalarında, zəngin təcrübəyə malik mütəxəssis kimi məqalə və müsahibələrlə çıxış etmiş, onun iş təcrübəsi və fəaliyyəti barədə materiallar dərc olunmuş, yayınlanmışdır.
A.Hacıyevin meliorasiya və su təsərrüfatı sistemində səmərəli fəaliyyəti, təşkilati bacarığı Dövlət tərəfindən qiymətləndirilərək 1980-ci ildə “Əməkdə fərqlənməyə görə”, 2008-ci ildə isə “Tərəqqi” medalına layiq bilinmişdir. Azərbaycanda bu sahənin inkişafında göstərdiyi məxsusi xidmətlərə görə Dövlət Başçısı İlham Əliyev tərəfindən ona 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adi, 2017-ci ildən isə Respublika Prezidentinin fərdi təqaüdü verilmişdir.
İbrahim müəllim 1972-ci ildə tibb işçisi Əzimə xanımla ailı həyatı qurmuş, bu nikahdan adını Vüsal qoyduğları layiqli bir övlad dünyaya gəlmiş, Ali təhsil alaraq savadlı bir kadr kimi yüksək vəzifələrə irəli çəkilmişdir. Əzimə xanım da qonşu Qusar rayonunun Xuray kəndindən olub, 1951-ci ildə Hacəmməd müəllimin ailəsində doğulmuşdur. “Azərenerji”nin sabiq prezidenti Etibar Pirverdiyevin böyük bacanağı olan şair təbətli İbrahim müəllimin həyatı da rəngarəng və ibrətamiz hadisələrlə zəngin olmuşdur.
Belə ki, rəssam, şair və bəstəkarların ilham mənbəyi olan təbiət mənzərələri ilə dolu Qubada, qədim tariximizi özündə yaşadan hərbçilər yurdu Alpanda doğulan İbrəhimə ata babası, kənddə dəyirmanlar sahibi kimi tanınan Hacı Abdulrəhimin adını qoymuşdular. Lakin nənəsi Ayşənəm xanım Hacının adının tez-tez, necəgəldi təkrarlanmasını istəmədiyi üçün onun adını İbrəhim deyə çağırmağa başlamış, beləcə nəslin bütün ev əhlini də buna təşviq və vərdişkar etmişdi.
Balaca Abdulrəhimin aşağı siniflərdə aldığı tərifnamələrdə, 8-ci sinfi bitirməsi ilə bağlı şəhadətnamədə adı İbrahim kimi qeyd edilmişdi. Kənd orta məktəbini bitirəndə kamal atestatı yazmaq lazım gələndə doğum şəhadətnaməsi tələb edilmiş və onun əsasında 16 ildən sonra sənədlərdə adı “Abdulrəhim” kimi yazılmışdı. Kənd camaatı bundan sonra da onu İbrəhim çağırmaqda davam etsə də, artıq şəxsiyyət vəsiqəsi almış və İnstitut tələbəsi olan Abdulrəhim kəddən kənarda həmin rəsmi adı ilə şəhər həyatını yaşamağa başladı...
Məhəllə qonşularımız olan, mərhum əmisi oğlu, c.e.n. dosent Çapay Mirabbas oğlu Rəşidovu ehtiramla xatırlayıb Allahdan rəhmət diləyərək, rayonumuzun, kəndimizin fəxri olan hörmətli Abdulrəhim-İbrahim müəllim Hacıyevi 80 illik yubileyi ilə bağlı təbrik edir, ona Allahdan can sağlığı və yurd bağlılığı arzulayırıq!!
Verilən məlumata əsasən bioqrafiyanı qələmə aldı Cabir Alpoğlu Albantürk
"Cebheinfo.az"

