Şuşada TDT ölkələrinin dini rəhbərlərinin Birinci görüşü keçirilir - FOTOLAR
Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə TDT-nin baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.
Türk xalqlarının ortaq milli-mənəvi və mədəni dəyərlərinin qorunması, həmçinin müvafiq dövlət qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə təşkil olunan toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini maarifləndirmə, qanunvericilik və idarəetmə sahələrində kadr hazırlığı üzrə əməkdaşlıq məsələləri müzakirə olunur.
Görüşün gündəliyində türk xalqlarının ortaq dini-mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun və İslam həmrəyliyinin təşviqi, dini radikalizm və ekstremizmlə mübarizə sahəsində təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi də yer alır.
Görüşün əsas gündəm mövzularından biri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə, institusional əməkdaşlığın inkişafına və birgə fəaliyyətin daha da genişləndirilməsinə xidmət edir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun, Türk Dövlətləri Təşkilatının baş katibi, səfir Kubanıçbek Ömüralıyevin, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əlinin, Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekovun, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun və Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyevin çıxışları planlaşdırılıb.
Tədbirin yekununda iştirakçı dövlətlərin razılaşdırılmış mövqeyini və gələcək əməkdaşlıq istiqamətlərini əks etdirən Kommünikenin imzalanması nəzərdə tutulur.
"Cebheinfo.az"

