410 milyon Bakının hansı probleminə SƏRF EDİLƏCƏK?
Dünya Bankı "Yaşana bilən Bakı" layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır.
Layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub.
Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının strukturuna daxildir) xəttilə həyata keçiriləcək.
Layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir - Azərbaycan hökumətinin payı 91,25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.
Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək.
Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.
Azərbaycanda hazırda ən ciddi ekoloji problemlər hansılardır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, son illərdə ekoloji problemlər daha qabarıq xarakter alıb:

“Ekoloji böhran təkcə qlobal iqlim dəyişiklikləri ilə bağlı deyil. Həm də urbanizasiya, sənayeləşmə, su ehtiyatlarının səmərəsiz idarə olunması və tullantıların artması ilə əlaqədardır.
Hazırda Azərbaycanda əsas ekoloji problemlər kimi atmosfer havasının çirklənməsi, su ehtiyatlarının azalması və çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması, tullantıların idarə olunmasındakı çatışmazlıqlar və Xəzər dənizinin çirklənməsi götürülür.
Ölkənin ən böyük problemi su çatışmazlığıdır. Çünki su ehtiyatlarımızın təxminən 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ekspertlərin hesablamalarına görə, 2024-cı ilə qədər ölkəmizdə su stressi yaşana bilər. Ölkənin kənd təsərrüfatı sistemində suyun idarəedilməsi düzgün qurulmayıb.
Suvarmada böyük həcmdə su itkisinə yol verilir. Suvarma sisteminin köhnə olması, su itkiləri kənd təsərrüfatında məhsuldarlığın azalmasına səbəb olur. Əkinə yararlı torpaqların şoranlaşması və eroziya da diqqətçəkən problemlərdəndir”.
Onun sözlərinə görə, bu gün atmosfer havasının çirklənməsi də ciddi problem kimi qarşıda durur:
“Bu problem xüsusuilə cənaye müəsissələrinin cəmləşdiyi, avromobil sıxlığının müşahidə olunduğu Abşeron yarımadasında üzə çıxır. Hava kirliliyi insanlarda tənəffüs sistemi xəstəliklərinin, ürək-damar problemlərinin üzə çıxmasına səbəb olur.
Hazırda cəmiyyəti narahat edən əsas məsələlərdən biri də Xəzər dənizinin ekoloji problemləridir. Dənizin əsas problemləri kimi su səviyyəsinin aşağı düşməsi, neft və neft məhsulları və məişət tullantıları ilə çirklənmə sayılır.
Azərbaycanın əsas ekoloji problemlərindən biri də məişət tullantılarının idarə olunmasındakı boşluqlardır. Bu gün əhali artıb, məişət tullantılarının həcmi də çoxalıb. Amma çeşidlənmə, təkrar emal aşağı səviyyədədir. Qanunsuz zibillliklər çoxalıb.
Məhz biomüxtəlifliyin azalması, meşələrin məhv edilməsi də günümüzün əsas ekoloji problemlərindən hesab edilir. Karbon emissiyasının azaldılması üçün meşəlik əraziləri genişləndirilməlidir. Bizdə isə bəzi hallarda meşələr, ağaclıqlar şəhərsalmaya qurban verilir”.
O bildirib ki, böyük şəhərlərdə sürətli tikinti prosesi nəticəsində yaşıllıq sahələri azalıb, beton şəhərlər çoxalıb, havanın keyfiyyəti pisləşib:
“Bu gün yaşanan ekoloji problemlərdən çıxış yolları axtarılır. Bir məqam nəzərdə saxlanmalıdır ki, ekoloji problemlər təkcə ətraf mühit məsələsi deyil. Həm də milli təhlükəsizlik, ictimai sağlamlıq və ərzaq təhlükəsizliyi məsələsidir.
Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə işlərin gücləndirildiyi bir dövrdə Azərbaycan da ekoloji siyasətini yeni reallıqlara uyğunlaşdırmalıdır. Qarşıdakı illərdə bir neçə istiqamət dövlət siyasətinin əsas prioritetləri sırasında yer almalıdır.
Öncə su ehtiyatlarının səmərəli idarə olunmalı, su təhlükəsizliyi təmin edilməlidir. Köhnə suvarma sistemləri, su kanalları mərhələli şəkildə yenilənməldir. Aqrar sektorda damcı və yağmurlama suvarma texnologiyaları geniş tətbiq olunmalı, yağış sularının toplanması, təmizlənmiş tullantı sularının təkrar istifadəsi həyata keçirilməlidir.
Torpaqların şoranlaşması, eroziya və səhralaşmanın qaşrısını almaq üçün meliorasiya və drenaj sistemləri yenidən qurulmalıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”

