Büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

Büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

Maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı ötən il ayrılmış bir qisim vəsaitin bank hesablarında qalaraq 2026-cı ilə keçirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

“Cebheinfo.az” xəbər verir ki, nazir bank hesablarına köçürülən vəsaitlərin əksər hissəsini müxtəlif təşkilatların nizamnamə kapitalının artırılması, publik hüquqi şəxslərin, qeyri hökumət təşkilatlarının fəaliyyətinin maliyyələşdirilməsi, aqrar sahədə subsidiyaların ödənilməsi üzrə xərclər təşkil etdiyini qeyd edib.

“Qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür və il ərzində xərclənməyən hissəsi növbəti illərdə xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Publik hüquqi şəxslərlə bağlı isə qeyd edilməlidir ki, ötən ilin avqust ayınadək həmin təşkilatların maliyyələşdirilməsi üçün vəsaitlər “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”na əsasən Maliyyə Nazirliyi tərəfindən onların bank hesablarına köçürülürdü.

Lakin həmin Qaydaya Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə dəyişikliklər edilib və nəticədə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitlərin icrası avqust ayından etibarən yalnız xəzinə vasitəsilə həyata keçirilib. Onu da qeyd edim ki, ölkə başçısının 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət büdcəsindən təşkilatlara ayrılan vəsaitlərin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi tapşırılıb. Tapşırığa uyğun olaraq, hesabat dövründə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib”-deyə, nazir əlavə edib.

Vilayət Muxtar

“Cebheinfo.az”