"Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edildi

"Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edildi

Milli Məclis elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq edilməsini ilk oxunuşda qəbul edib.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir və elektron sağlamlıq kartı sistemində saxlanılacaq.

Həmçinin psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilə biləcək. 

Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq.

Eyni zamanda müalicədən imtina edilməsi ilə bağlı məlumatlar da elektron sağlamlıq kartı sisteminə daxil ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Vilayət Muxtar
“Cebheinfo.az”